Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə əmirliyində 18 avtomobil və 5 yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, hadisə Füceyrə əmirliyinin girişində baş verib. Yük maşınının sürücüsü idarəetməni itirərək əvvəlcə başqa avtomobillə toqquşub, daha sonra aşıb və yolda hərəkətin ləngiməsi səbəbindən dayanmış bir neçə avtomobilə çırpılıb. Nəticədə yük maşınında yanğın başlayıb və alov digər avtomobillərə də keçib.
Hadisə yerinə polis, təcili tibbi yardım, xilasetmə və mülki müdafiə qrupları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Qeyd olunub ki, yaralılardan 15-i tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb, digər 15 nəfərin müalicəsi davam edir.
Yaralılar arasında BƏƏ, Oman, Hindistan, Braziliya, Pakistan, İordaniya və Misir vətəndaşlarının olduğu bildirilib.