Qırğızıstan İssık-Kul gölünün qorunması üçün beynəlxalq fondun yaradılmasına çağırıb

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 23:21 (UTC +04:00)
Qırğızıstan İssık-Kul gölünün qorunması üçün beynəlxalq fondun yaradılmasına çağırıb
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan İssık-Kul gölünün qorunması üzrə beynəlxalq trast fondunun yaradılmasına dəstək göstərməyə beynəlxalq təşkilatları, donor ölkələri və özəl sektoru çağırıb. Fondun yaradılması üçün respublikanın ilkin töhfəsi 10 milyon dollar təşkil edəcək.

Bu barədə çərşənbə günü Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) çıxışı zamanı bildirib.

Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Kasımaliyev noyabrın 11-də COP31 Liderlər Sammitində ölkəsinin milli bəyanatı ilə çıxış edib.

O xatırladıb ki, Qırğızıstan Prezidenti Sadır Japarov 2026-cı il sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasında İssık-Kul gölünün qorunması üzrə beynəlxalq trast fondunun yaradılması təşəbbüsünü irəli sürüb.

Kasımaliyev beynəlxalq tərəfdaşları bu təşəbbüsə dəstək verməyə çağıraraq, artan iqlim çağırışları fonunda unikal təbii ekosistemlərin qorunmasının vacibliyini vurğulayıb.

Nazirlər Kabinetinin sədri çıxışında, həmçinin inkişaf etməkdə olan dağlıq ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsinə olan ehtiyacları ilə göstərilən beynəlxalq dəstəyin həcmi arasında ciddi fərqin olduğunu diqqətə çatdırıb.

Bu baxımdan o, son iqlim konfranslarında 2035-ci ilədək iqlim maliyyələşdirilməsi üçün hər il 1,3 trilyon dollar vəsaitin səfərbər edilməsi, eləcə də uyğunlaşma tədbirlərinə ayrılan maliyyələşmənin üç dəfə artırılması ilə bağlı əldə olunan razılaşmaları alqışlayıb.

Bununla yanaşı, Kasımaliyev iqlim maliyyələşdirilməsinə çıxışın sadələşdirilməsinin və inkişaf etməkdə olan ölkələrin dəstək almasını çətinləşdirən inzibati maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

O, həmçinin dağlıq ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində Dağlar və İqlim Dəyişikliyi üzrə illik Dialoqun keçirilməsinə dəstək verməyə çağırıb.

Bundan əlavə, Qırğızıstan praktiki layihələrin həyata keçirilməsi üçün elmi, texniki və maliyyə potensialını birləşdirməli olan Dağlıq Regionların Dayanıqlılığı üzrə Qlobal Mərkəzin yaradılması təşəbbüsünü irəli sürüb.

Kasımaliyev COP31 iştirakçılarını 2027-ci ilin oktyabrında Bişkekdə keçiriləcək İkinci Qlobal Dağ Sammitində iştirak etməyə dəvət edib.

O vurğulayıb ki, dağ ekosistemlərinin və kriosferin qorunması beynəlxalq ictimaiyyətin ümumi məsuliyyətidir və bəyanatlardan konkret fəaliyyətə keçidi tələb edir.

COP31-də 102-si dünya lideri olmaqla, 190-dan çox ölkənin nümayəndə heyəti iştirak edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti