“20 Yanvar” istiqamətindəki tıxacı azaldacaq yolun tikintisi davam edir

Cəmiyyət Xəbər 11 Noyabr 2026 10:58 (UTC +04:00)
“20 Yanvar” istiqamətindəki tıxacı azaldacaq yolun tikintisi davam edir
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının əsas giriş istiqamətlərindən biri olan “20 Yanvar” ərazisində nəqliyyat sıxlığının azaldılmasına imkan verəcək Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun tikintisi davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Yeni yol Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı–Quba və Bakı–Şamaxı magistral yollarına çıxışını təmin edəcək.

Layihə üzrə proqnozlara əsasən, yolun istifadəyə verilməsi nəticəsində “20 Yanvar” istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20–30 faiz azalması gözlənilir.

Bununla yanaşı, yeni yol Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaradacaq.

Ümumi uzunluğu təxminən 29 kilometr olan avtomobil yolu 6 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində 7 yol qovşağının, 11 yol körpüsünün, 1 kanal körpüsünün və 2 tunelin inşası nəzərdə tutulub.

AAYDA-dan bildirilib ki, hazırda yolun təxminən 13 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, 11,5 kilometrlik hissəsində isə yol geyiminin tikintisi üzrə işlər yekunlaşıb.

Körpülərin, tunellərin və digər mühəndis qurğularının tikintisi mərhələli şəkildə davam etdirilir. Artıq bir sıra körpülərdə işlər yekunlaşma mərhələsinə çatıb, digər qurğularda isə tikinti işləri aparılır.

Yeni yolun istifadəyə verilməsi paytaxtın girişində nəqliyyat yükünün azalmasına, Abşeron yarımadasındakı yaşayış məntəqələri arasında əlaqələrin genişlənməsinə və alternativ hərəkət imkanlarının yaradılmasına xidmət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti