Bakı. Trend:
Zaqatalada Vətən müharibəsi qəhrəmanı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili Qoşunların zabiti Şixamir Qaflanovun büstünün açılışı olub.
Qəhrəmanın adını daşıyan Humanitar Fənlər Gimnaziyasında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Polis Şöbəsinin, eləcə də digər hüquq-mühafizə orqanlarının əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Ş.Qaflanovun keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən, qəhrəmanlıqlarından söz açıblar.
Sonra tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanın büstü
önünə əklil və çiçəklər qoyublar.
Qeyd edək ki, Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən
döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi
kimi peşəkarlığı yüksək qiymətləndirilib. Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən
Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad
olunmasına görə” medalları ilə təltif edilib.
