Bayrağımızın azad torpaqlarımızda dalğalanması milli suverenliyimizin təntənəsidir - Deputat

Siyasət Rəy 9 Noyabr 2026 16:00 (UTC +04:00)
Bayrağımızın azad torpaqlarımızda dalğalanması milli suverenliyimizin təntənəsidir - Deputat
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dövlətçilik tarixində müstəqilliyimizin və milli kimliyimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlər xalqımızın əsrlər boyu formalaşan azadlıq ideyasının real təzahürləridir. Ölkəmizdə hər il qeyd olunan Dövlət Bayrağı Günü cəmiyyətimizin vahid məqsəd ətrafında birləşməsinin mühüm göstəricisidir. Bu bayramın tarixi kökləri Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilib, Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Milli Məclisin deputatı Kamal Cəfərov Dövlət Bayrağı Gününün əhəmiyyətini şərh edərək bildirib ki, üçrəngli bayrağımız xalqımızın şanlı keçmişi ilə parlaq gələcəyini birləşdirən mənəvi dəyərdir:

“Üçrəngli bayrağımız keçmişdən bu günə qədər gəlib çatan milli istiqlal ideologiyamızın təməl daşıdır. Ötən illər ərzində qanunvericilik bazasının möhkəmləndirilməsi, dövlət rəmzlərinə hörmət prinsiplərinin cəmiyyətdə təsbit olunması dövlətçilik ənənələrimizin davamlılığını təmin edir. Xüsusilə, çətin tarixi dövrlərdə dövlət rəmzlərimizin qorunması istiqamətində atılan addımlar bu gün cəmiyyətimizdə milli şüurun dərin köklərə malik olduğunu açıq şəkildə nümayiş etdirir.

Milli dövlətçilik ənənələrinin qorunmasında və bərpasında Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri olub. Hələ SSRİ dövründə və Kommunist Partiyasının mövcudluğuna baxmayaraq, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi təsdiq edilmiş, muxtariyyətin adından “Sovet Sosialist” sözləri çıxarılıb. Naxçıvan Ali Məclisinin qəbul etdiyi bu cəsur qərarlar Azərbaycan rəhbərliyini də addım atmağa məcbur edib, nəticədə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək bayrağımızı yenidən rəsmi Dövlət Bayrağı elan edib. Əlavə olaraq qeyd olunmalıdır ki, Ümummilli Lider 1993-cü il dekabrın 6-da “Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Qanunu imzalayıb". .

Deputat əlavə edib ki, paytaxtımızda yenidən qurularaq istifadəyə verilən Dövlət Bayrağı Meydanı və Muzeyi ölkəmizin zəngin tarixini və qazanılan qələbələri əks etdirən mühüm mərkəzə çevrilib:

“Bakıda yenidən dalğalanan möhtəşəm bayrağımız və muzeydə sərgilənən eksponatlar xalqımızın qürur mənbəyidir. Həmçinin Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın ucaldılması milli suverenliyimizin təntənəsidir. Bu gün azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən cəmiyyətimiz həm qazanılan tarixi nailiyyətləri qoruyur, həm də gələcək nəsillərə vətənpərvərlik ruhunu ötürür”.

Xəbər lenti

Xəbər lenti