Gələcəyə səyahət mümkündür, keçmişə isə yox - sensasion açıqlama

Maraqlı Xəbər 8 Noyabr 2026 14:17 (UTC +04:00)
Gələcəyə səyahət mümkündür, keçmişə isə yox - sensasion açıqlama
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çinli fizik zamanın keçmişə doğru səyahətin mümkünsüz ola biləcəyini bildirən nəzəriyyə irəli sürüb.

Bu barədə "Euronews"da məqalə dərc olunub.

Çinin Jinan Universitetinin tədqiqatçısı Honqşenq Canqın araşdırmasına əsasən, nəzəri kainatların geniş bir sinfində insanın öz keçmişinə səyahət etməsi mümkün deyil.

Alimin yanaşması nisbilik nəzəriyyəsinin bir prinsipinə əsaslanır. Belə ki, işığın hərəkət istiqaməti heç vaxt hər hansı bir cismin zaman daxilində hərəkət istiqamətinə perpendikulyar ola bilməz. Bu prinsip fəza-zamanda hərəkətin yalnız müəyyən istiqamətdə mümkün olduğunu və başlanğıc nöqtəsinə qayıtmağın mümkünsüzlüyünü nəzərdə tutur.

Canqın hələ elmi ekspertizadan keçməmiş tədqiqatında keçmişə səyahəti mümkün edə biləcək iki nəzəri istisna da göstərilib.

Birinci ehtimal fırlanan qara dəliklərlə bağlıdır. Eynşteynin nəzəriyyəsinə görə, fırlanan kütlə fəza və zamanı özü ilə birlikdə hərəkət etdirir. Qara dəliyin mərkəzinə yaxın ərazilərdə bu təsir o qədər güclü ola bilər ki, zamanın irəliyə doğru hərəkəti dairəvi trayektoriyaya çevrilsin. Beləliklə, həmin trayektoriya ilə hərəkət edən şəxs öz saatının normal qaydada işlədiyini görsə də, başladığı ana geri qayıda bilər.

İkinci ehtimal kainatın quruluşu ilə əlaqədardır. Bu modeldə fəza-zamanın quruluşu elə ola bilər ki, bir istiqamətdə davam edən hərəkət sonda başlanğıc nöqtəsinə qayıtsın. Fiziklərin nəzəri olaraq hazırladıqları zaman maşınlarının, o cümlədən soxulcan dəlikləri (wormhole-ing.) əsasında qurulan modellərin əksəriyyəti bu prinsipə əsaslanır.

Bununla belə, alim araşdırmanın təbiətin belə hadisələrə həqiqətən imkan verib-vermədiyini müəyyən etmədiyini vurğulayıb.

"Bu nəzəriyyə təbiətin bütün bunlara imkan verib-vermədiyini izah etmir. Bu məsələ hələ də açıq qalır və mənim cavabını ən çox görmək istədiyim sual da məhz budur", – Canq "ScienceAlert"ə açıqlamasında bildirib.

Qeyd edək ki, gələcəyə səyahət isə elmi baxımdan artıq sübut olunmuş hadisə hesab edilir. Eynşteynin nisbilik nəzəriyyəsinə görə, yüksək sürətlə hərəkət edən və ya güclü cazibə sahəsində olan cisimlər üçün zaman digər müşahidəçilərlə müqayisədə daha yavaş keçir.Avropa Kosmik Agentliyinin məlumatına görə, Beynəlxalq Kosmik Stansiyada (BKS) olan astronavtlar Yerə qayıdarkən, stansiyada keçirdikləri müddət ərzində Yerdə olsaydılar, olacaqlarından saniyənin bir neçə mində biri qədər daha gənc olurlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti