Bakı. Trend:
Azərbaycan və Qazaxıstan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Hökumətlərarası Sazişə digər dövlətlərin də qoşulacağı gözlənilir.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda Qazaxıstan səfirliyində keçirilən və Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişafına həsr olunmuş dəyirmi masa zamanı deyib.
A. Bayel azərbaycanlı ekspertləri Prezident Kasım-Jomart Tokayevin Qazaxıstan xalqına ünvanladığı “Yeni tarixi dövrdə Qazaxıstanın aktual vəzifələri” adlı son müraciətinin əsas tezisləri ilə tanış edib. Xüsusilə, diplomat infrastrukturun genişmiqyaslı modernləşdirilməsi və “Xalq tikintisi” proqramının işə salınması, Qazaxıstanın nəqliyyat-logistika potensialının inkişafı, eləcə də iqtisadiyyatın sürətlə rəqəmsallaşdırılması məsələlərinə toxunub. Səfir qeyd edib ki, Qazaxıstan süni intellekt üzrə nazirlik yaradan ilk ölkələrdən biri olub və ölkənin İT texnologiyaları sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib.
Diplomat, həmçinin Prezident Tokayevin 2026-cı ilin oktyabrında keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak etmək məqsədilə Bakıya səfərinin nəticələrinə toxunub. Qazaxıstan və Azərbaycan tərəflərinin birgə səyləri nəticəsində Azərbaycanın bu təşkilata sədrliyinin uzadılması və onun baş katibi vəzifəsinə Azərbaycan nümayəndəsinin təyin edilməsi barədə qərar qəbul olunub.
Səfir birgə iri layihələrin əhəmiyyətini vurğulayaraq, qeyd olunan səfər çərçivəsində ilk uğurla həyata keçirilmiş Transxəzər infrastruktur layihəsi olan fiber-optik rabitə xəttinin açılışının baş tutduğunu bildirib. A. Bayelin fikrincə, bu layihənin ardınca digər mühüm infrastruktur təşəbbüsləri də həyata keçiriləcək.
Həmçinin Azərbaycan və Qazaxıstan prezidentləri Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Hökumətlərarası Saziş imzalayıblar ki, bu da sözügedən dəhlizin statusunu yüksəldir. Sazişə digər dövlətlərin də qoşulacağı gözlənilir.
Öz növbəsində, ekspertlər Prezident K. Tokayevin müraciətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, ikitərəfli siyasi dialoqun görünməmiş intensivliyi bütün istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə töhfə verir və energetika və nəqliyyat sahələrində birgə strateji layihələrin həyata keçirilməsinə təkan verir.
Bundan əlavə, ekspertlər Azərbaycanın Mərkəzi Asiya çərçivəsində qarşılıqlı fəaliyyət formatında iştirakına hərtərəfli dəstək göstərdiyinə görə Qazaxıstana təşəkkür ediblər.
