Bakı.Trend:
Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlər açır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Bakıda keçirilən brifinqdə bildirib.
Lu Mey qeyd edib ki, Çin tərəfi diplomatik münasibətlərin qurulmasının 35 illiyini ikitərəfli əlaqələrin dərinləşdirilməsi, iki ölkə liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsi, qarşılıqlı dəstək və dostluq ənənələrinin inkişaf etdirilməsi üçün bir fürsət kimi dəyərləndirmək məqsədilə Azərbaycanla birgə işləməyə hazırdır.
O vurğulayıb ki, Pekin Bakı ilə əməkdaşlığın daha da genişləndirilməsində, o cümlədən hər iki ölkənin modernləşməsi və iqtisadi inkişafı ilə bağlı yeni imkanlardan istifadə edilməsində maraqlıdır.
Səfirin sözlərinə görə, birgə səylər hərtərəfli strateji tərəfdaşlığa əlavə təkan verilməsinə və ikitərəfli münasibətlərdə yeni nəticələrin əldə olunmasına yönəldiləcək.
Qeyd edək ki, Bakıda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Beşinci Plenumunun yekunlarına və Çin-Azərbaycan münasibətlərinin inkişafındakı son tendensiyalara həsr olunmuş brifinq keçirilir.
Tədbir Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Beşinci Plenumu ölkənin sosial-iqtisadi inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Pekinin müxtəlif ölkələrlə iqtisadi və siyasi əlaqələrini genişləndirdiyi bir şəraitdə plenumun yekunları Çinin beynəlxalq tərəfdaşları üçün də maraq doğurur.
Son illərdə Azərbaycan və Çin ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat və enerji sahələrində əməkdaşlığı fəallaşdırıblar. İkitərəfli gündəlikdə, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı mühüm yer tutur. Bu dəhliz Çin üçün Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına çıxış imkanı yaradır.
Brifinq Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın möhkəmləndiyi, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndiyi bir vaxtda keçirilir.
