Avropanın uzun illər dünyaya demokratiya, insan hüquqları, qanunun aliliyi və azadlıqlar mövzusunda dərs verməyə çalışan siyasi elitası bu gün özünün ciddi siyasi, sosial və iqtisadi problemləri ilə üz-üzədir. Müxtəlif Avropa ölkələrində genişlənən etirazlar, küçə nümayişləri, tələbə aksiyaları, miqrasiya ətrafında yaranan gərginliklər və hökumətlərə qarşı artan narazılıq artıq ayrı-ayrı hadisələr kimi qiymətləndirilə bilməz. Bütün bunlar Avropada formalaşmış idarəetmə modelinin dərin böhranının göstəriciləridir.
Əslində, bugünkü etirazların kökündə illər ərzində yığılıb qalmış və vaxtında həll edilməmiş problemlər dayanır. Bahalaşma, yaşayış xərclərinin artması, mənzil əlçatanlığının azalması, işsizlik, gənclərin gələcəyə inamının zəifləməsi, təhsil və səhiyyə sistemlərindəki çatışmazlıqlar Avropa cəmiyyətlərinin gündəlik reallığına çevrilib. Bu kontekstdə Makron diktaturasının hökm sürdüyü Fransa xüsusilə fərqlənir. Son illərdə Fransada gənclərin küçələrə çıxması, müəllimlərin və həmkarlar ittifaqlarının aksiyalara qoşulması bu narazılığın nəhəng miqyasını göstərir.
Fransadakı “Sarı jiletlilər” hərəkatı isə bu prosesin ən mühüm nümunələrindən biri idi. 2018-ci ildə yanacaq qiymətlərinin və vergilərin artmasına etiraz olaraq başlayan aksiyalar qısa müddətdə sosial bərabərsizlik, gəlirlərin bölüşdürülməsi, siyasi elitanın cəmiyyətdən uzaqlaşması və dövlətin sosial siyasəti ilə bağlı ümumi etiraz platformasına çevrildi. Bu gün Fransada tələbələrin, müəllimlərin, işçilərin və müxtəlif sosial qrupların yenidən küçələrə çıxması göstərir ki, həmin problemlərin əhəmiyyətli hissəsi aradan qaldırılmayıb. Əksinə, yeni narazılıq dalğaları ilə daha da dərinləşib.
Burada əsas məsələ Avropa siyasi elitasının öz cəmiyyətlərinin problemlərinə münasibətidir. Avropa Parlamenti və ayrı-ayrı Avropa ölkələrinin rəhbərləri uzun müddət başqa dövlətlərə demokratiya, insan hüquqları və idarəçilik standartları barədə tövsiyələr verməyə, bəzən isə siyasi təzyiq göstərməyə daha çox diqqət ayırıblar. Halbuki öz ölkələrində sosial bərabərsizliyin, miqrasiya siyasətinin yaratdığı çətinliklərin, ictimai təhlükəsizlik və iqtisadi problemlərin həlli istiqamətində ciddi suallar cavabsız qalıb. Başqalarına nümunə göstərmək iddiasında olan siyasi mərkəzlərin öz daxilindəki problemlərə adekvat cavab verə bilməməsi Avropanın , xüsusilə Fransanın beynəlxalq nüfuzuna da təsirsiz ötüşmür.
Miqrasiya məsələsi də Fransanın qarşılaşdığı əsas sınaqlardandır. Uzun illər ərzində onlar miqrasiya siyasətini daha çox siyasi və humanitar şüarlar üzərindən qurub, qəbul, yerləşdirmə və inteqrasiya imkanlarını isə hər zaman lazımi səviyyədə hesablamayıblar. Nəticədə təhsil, peşə hazırlığı və əmək bazarına inteqrasiya sahəsində ciddi çətinliklər yaranıb. Əlbəttə, miqrantların hamısını eyni kateqoriyaya aid etmək düzgün deyil: Avropanın iqtisadiyyatına töhfə verən, çalışan, təhsil alan və cəmiyyətə inteqrasiya olunan milyonlarla insan var. Lakin miqrasiya axınlarının idarə edilməsindəki boşluqlar, qanunsuz miqrasiya, sosial inteqrasiya problemləri və radikallaşma riskləri bir sıra ölkələrdə ictimai narazılığı artırıb. Bu məsələlərin açıq müzakirəsi əvəzinə bəzən siyasi mülahizələrin önə çəkilməsi isə problemin həllini çətinləşdirir.
Fransa Prezidenti Emmanuel Makronun siyasi kursu da bu kontekstdə xüsusi diqqət çəkir. Makronun hakimiyyəti dövründə ölkədə pensiya islahatları, sosial-iqtisadi qərarlar, etiraz aksiyalarının idarə olunması və polis müdaxilələrigeniş vüsət alıb. Siyasi opponentlərinin haqlı olaraq Makron diktaturası adlandırdığı idarəçilik modeli ətrafında müzakirələr də məhz hakimiyyətin qərarvermədə mərkəzləşməsi və cəmiyyətin narazılığının dinlənilməsi ilə bağlı suallardan qaynaqlanır. Bir tərəfdən demokratiya və azadlıqların müdafiəsindən danışan, digər tərəfdən isə küçə etirazları zamanı sərt təhlükəsizlik tədbirləri ilə gündəmə gələn hakimiyyətin mövqeyi Fransada siyasi etimad problemini daha da dərinləşdirir.
Fransanın və bütövlükdə Avropanın problemləri yalnız daxili siyasətlə məhdudlaşmır. Qitənin bəzi aparıcı dövlətlərinin qonşu və uzaq ölkələrin daxili siyasi proseslərinə təsir göstərmək cəhdləri də beynəlxalq münasibətlərdə narazılıq doğurur. Demokratiya və suverenlik prinsiplərini müdafiə etdiyini bildirən siyasi dairələrin başqa dövlətlərin siyasi seçimlərinə münasibətdə fərqli yanaşma nümayiş etdirməsi ikili standartlar barədə müzakirələri gücləndirir. Azərbaycan da bəzi Avropa siyasi dairələrinin, xüsusilə Fransanın sərgilədiyi qərəzli mövqe, ayrı-ayrı radikal və marginal şəxslərə siyasi platforma və himayə verilməsinin şahidi olub. Belə yanaşmalar siyasi qarşıdurmaya xidmət edir və Qərb dünyasına etimadı kəskin azaldır.
Xüsusilə Fransa bu kontekstdə diqqət çəkir. Ölkənin Afrikadakı siyasəti neokolonializm müzakirələrinin əsas mövzularından biridir. Parisin keçmiş müstəmləkələri ilə münasibətlərində köhnə təsir mexanizmlərini qorumaq cəhdləri bir sıra Afrika ölkələrində suverenlik və milli müstəqillik tələbləri ilə toqquşub. Mali, Burkina-Faso, Niger, Seneqal və Çadda Fransa hərbi mövcudluğunun sona çatması və ya ciddi şəkildə azalması Parisin ənənəvi təsir imkanlarının zəiflədiyini göstərir. Bu ölkələrdə Fransa siyasətinə qarşı narazılığın artması təkcə təhlükəsizlik məsələləri ilə deyil, həm də müstəmləkəçilik irsinin yaratdığı siyasi və iqtisadi münasibətlərlə bağlıdır.
Yeni Kaledoniyada baş verən hadisələr də bu baxımdan diqqətəlayiqdir. Yerli kanak əhalisinin siyasi təmsilçiliyi və öz müqəddəratını təyin etmək hüququnu sialh gücünə məhdudlaşdıran Makron Fransası ərazi üzərindəki idarəçilik modelini əsrlər əvvəl olduğu kimi saxlamaq istəyir. Seçki hüququ ilə bağlı konstitusiya dəyişikliklərinə eturaz edən kanaklar arasında öldürülənlər də var. Bu müasir Fransanın Makron tərəfindən deformasiya edilmiş hala salındığını, qeyri-demokratik yol seçdiyini göstərir.
Bütün bu mənzərə bir reallığı ortaya qoyur: Fransa və Avropanın digər ölkələri bu gün yalnız iqtisadi və sosial çətinliklərlə deyil, həm də siyasi etimad və idarəçilik böhranı ilə üzləşib. Vətəndaşlar hökumətlərdən daha çox hesabatlılıq, sosial ədalət, təhlükəsizlik, iqtisadi imkanlar və real dəyişiklik tələb edirlər. Siyasi rəhbərlik isə bu tələblərə cavab vermək əvəzinə polis və hərbi güc, təxribat və hücumlardan istifadə edir.
Nəticə etibarilə, Fransada və digər Avropa ölkələrində baş verən etirazlar təsadüfi hadisələr toplusu deyil. “Sarı jiletlilər”dən tutmuş bugünkü tələbə aksiyalarına, miqrasiya ətrafındakı mübahisələrdən Afrikadakı neokolonializm tənqidlərinə qədər bütün bu proseslər rəsmi Parisin mövcud siyasi kursunun ciddi şəkildə yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərir. Öz daxilindəki problemləri həll etmədən dünyaya siyasi və mənəvi meyarlar diktə etməyə çalışan Fransa elitasının qarşısında indi daha çətin sual dayanır: cəmiyyətin etimadını necə geri qaytarmaq olar?
