BMİ-lər 2026-cı ilin III rübündə Azərbaycana maliyyələşməni 4,4 dəfə artırıb

İqtisadiyyat Xəbər 5 Noyabr 2026 13:40 (UTC +04:00)
BMİ-lər 2026-cı ilin III rübündə Azərbaycana maliyyələşməni 4,4 dəfə artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin III rübündə beynəlxalq maliyyə institutlarının (BMİ) Azərbaycana ayırdığı maliyyə vəsaitinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 143 milyon dollar və ya 4,4 dəfə artaraq 185 milyon dollara çatıb.

Bu barədə Avrasiya İnkişaf Bankının (AİB) 2026-cı ilin III rübü üzrə Avrasiyada beynəlxalq maliyyə institutlarının investisiyalarına dair icmalında bildirilib.

Azərbaycanda maliyyələşmənin artımı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB), OPEC Beynəlxalq İnkişaf Fondu və Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) iştirakı ilə həyata keçirilən zəmanət əməliyyatları hesabına baş verib.

Əhəmiyyətli əməliyyatlardan biri AYİB-in "AccessBank" üçün ayırdığı, limiti 75 milyon avroyadək (təxminən 86 milyon dollar) olan portfel zəmanəti olub. Bu zəmanət kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) verilən kreditlər üzrə kredit riskinin 50 faizədək hissəsini əhatə edir.

Eyni zamanda, OPEC Beynəlxalq İnkişaf Fondu Avrasiyada investisiyalarının coğrafi əhatəsini və sahə müxtəlifliyini genişləndirir. Fondun rüblük maliyyələşmə həcmi 10 milyon dollardan 90 milyon dollara yüksəlib. Fondun regionda həyata keçirdiyi yeni əməliyyatlara Qazaxıstanda kiçik və orta biznesin maliyyələşdirilməsi, eləcə də Azərbaycanda suyun duzsuzlaşdırılması üzrə infrastruktur layihəsi daxildir.

Ümumilikdə, 2026-cı ilin III rübündə beynəlxalq maliyyə institutlarının maliyyələşməsində regionun üç ölkəsində artım qeydə alınıb. Ən böyük artım 207 milyon dollar (illik müqayisədə 76 faiz) olmaqla Qazaxıstanda müşahidə edilib. Azərbaycan 143 milyon dollar, Monqolustan 48 milyon dollar (36 faiz) artımla növbəti yerlərdə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti