Bakı.Trend:
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti Azərbaycanın inkişaf etməkdə olan ölkələrdə hökumətin imkanlarının gücləndirilməsinə, xüsusilə “ASAN xidmət” vasitəsilə dəstəklənən “Bir Pəncərə” Dövlət Xidmətlərinin Çatdırılması Layihəsinə verdiyi davamlı töhfələri yüksək qiymətləndirir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı günü BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Baş katibinin müavini Junhua Li “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammitdə çıxışı zamanı deyib.
O qeyd edib ki, iqlim böhranlarından demoqrafik dəyişikliklərə, iqtisadi qeyri-sabitlikdən sürətli texnoloji inkişafa və pozuntulara qədər bir-biri ilə əlaqəli böhranlar qurumlarımızı sınaqlarla üz-üzə qoyur.
“Dünyanın hər yerindən vətəndaşlar artan mürəkkəblik və resurs məhdudiyyətləri fonunda daha çox şey tələb edirlər. Onlar təmsil etdiyimiz qurumların cavabdeh, effektiv və etibarlı olmasını, hökumətlərin isə təkcə böhranları həll etməməsini, həm də gələcək riskləri və imkanları fəal şəkildə proqnozlaşdırmağını gözləyirlər.
BMT-nin 2026-cı il üzrə Dayanıqlı İnkişaf Məqsədləri Hesabatı göstərir ki, 2030-cu il gündəliyinə nail olmaq bütün sektorlardan sürətləndirilmiş fəaliyyət tələb edir. Qarşıdan gələn 2027-ci il DİM Sammiti hər birimiz üçün nəyi qiymətləndirmək, maneələri aşmaq və uğurlu təcrübələri miqyaslaşdırmaq üçün həlledici an olacaq”,- deyə o bildirib.
Onun sözlərinə görə, dövlət xidmətləri DİM-lərin həyata keçirilməsinin mərkəzində dayanır.
“Onlar siyasətin insanların gündəlik həyatında əməliyyata çevrildiyi həlledici nöqtədir. Azərbaycanın “ASAN xidmət”i bu fəaliyyətdə və bu transformasiyada əsas nümunə kimi çıxış edir. Xidmət mükəmməlliyini, əlçatanlığı və innovasiyanı prioritetləşdirməklə “ASAN” modeli hökumətlərin etimadı necə görə biləcəyini və vətəndaşların ehtiyaclarına necə cavab verə biləcəyini yenidən müəyyənləşdirib.
Beynəlxalq birlik bu uğuru tanıyıb. 2015-ci il BMT-nin Dövlət Xidməti Mükafatları vasitəsilə və 2019-cu ildə Bakıda BMT-nin Dövlət Xidməti Forumuna ev sahibliyi edərkən Azərbaycan rəqəmsal hökumətin tətbiqi ilə dövlət xidmətlərinin irəliləyişinə görə BMT-nin Xüsusi Mükafatını alıb”,- deyə Junhuan Li əlavə edib.
Qeyd edək ki, Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.
2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə
(BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan
sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin
İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə
təşkilatçılığı ilə baş tutur.
Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli
rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli
şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik
dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.
