Bakı. Trend:
İqtisadi artım amili ilə yanaşı, şəffaflaşma və iqtisadiyyatın
ağarması da ölçülə bilən fiskal nəticələr verir.
Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O xatırladıb ki, cari ilin 9 ayında vergilər üzrə proqnoz
107,2%, o cümlədən qeyri-neft-qaz sektorunda 102,9% icra edilib,
illik proqnozun 80,6%-i isə artıq təmin olunub: "Vergi
daxilolmaları 9,4%, qeyri-neft-qaz vergiləri isə 12,6% artıb — bu,
qeyri-neft-qaz ÜDM-in nominal artım tempini (7,6%) üstələyir.
Qeyri-neft-qaz sektorundan daxilolmaların 75%-i özəl bölmənin
payına düşür.
Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərində qeyri-neft-qaz vergi
daxilolmalarının payı isə 63%-i ötüb.
Məcburi dövlət sosial sığortası 8,5% artıb və bu tədiyə növü üzrə 5
milyard manat toplanıb, proqnoz 105,6% icra olunub. Əmək bazarının
şəffaflaşması şəraitində sosial sığorta daxilolmalarının son
illərdə davamlı artması Dövlət Sosial Müdafiə Fondunun maliyyə
dayanıqlığının güclənməsinə əhəmiyyətli töhfə verir. Belə ki, DSMF
gəlirlərində büdcədən ayırmaların payı 2018-ci ildəki 36%-dən cari
ilin 9 ayında 20%-ə enib".
Aparat rəhbəri vurğulayıb ki, iqtisadiyyatda “ağarma” prosesinin ən etibarlı ölçülərindən biri uçota düşən ödəyici və obyekt sayıdır.
"Belə ki, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. Cari ildə də bu proses davam edib", - deyə o əlavə edib.
