Artıq dövlət tibb müəssisələrində göz dibi əməliyyatları mümkün olacaq - Cahid Şahbazov

Cəmiyyət Xəbər 3 Noyabr 2026 14:28 (UTC +04:00)
Artıq dövlət tibb müəssisələrində göz dibi əməliyyatları mümkün olacaq - Cahid Şahbazov
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Xətai Tibb Mərkəzinin Göz xəstəlikləri və cərrahiyyə şöbəsində dövlət tibb müəssisələrində əvvəllər icra olunmayan bir sıra göz dibi əməliyyatlarının həyata keçirilməsi mümkün olacaq.

Trend-in müxbiri xəbər verir ki, bunu çərşənbə axşamı Xətai Tibb Mərkəzinin Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin rəhbəri, oftalmoloq-cərrah Cahid Şahbazov şöbənin açılışında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, oktyabrın 26-dan fəaliyyət göstərən şöbədə ilk həftə ərzində 9 cərrahi əməliyyat icra olunub. Əməliyyat olunanlar arasında tor qişa qopması diaqnozu ilə Göyçaydan müraciət etmiş 65 yaşlı pasiyent də olub.

“Pasiyent görməsi olmayan vəziyyətdə gəlmişdi. Əməliyyatdan sonrakı ilk gündə artıq 3–5 metr məsafədən barmaqları saya bilirdi. Bu, əməliyyatdan sonrakı ilkin mərhələ üçün yaxşı nəticə hesab olunur. Bir gün klinikada qaldıqdan sonra evə buraxılıb”, – deyə C.Şahbazov bildirib.

Şöbə rəhbəri qeyd edib ki, mərkəzin prioritet fəaliyyət istiqamətləri tor qişa qopması, şəkərli diabetin fəsadları ilə əlaqədar göz dibi əməliyyatları, mürəkkəb və fəsadlı kataraktaların, eləcə də qlaukomanın cərrahi müalicəsidir. Qlaukoma əməliyyatları zamanı gözdaxili implantların yerləşdirilməsi də nəzərdə tutulur.

O vurğulayıb ki, əsas məqsəd əvvəllər yalnız özəl klinikalarda həyata keçirilən bir sıra mürəkkəb əməliyyatları vətəndaşlar üçün əlçatan etməkdir.

“Bəhs etdiyim tor qişa əməliyyatlarının qiyməti özəl mərkəzlərdən asılı olaraq 3 min, 5 min və 10 min manat ola bilir. Burada isə həmin əməliyyatlar dövlət hesabına icra olunur”, – deyə C.Şahbazov əlavə edib.

Onun sözlərinə görə, yeni şöbənin açılması əhalinin mürəkkəb oftalmoloji xidmətlərə çıxışının genişləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti