Azərbaycan – Çin Sənaye Parkı yaradıla bilər (FOTO)

İqtisadiyyat Xəbər 2 Noyabr 2026 18:10 (UTC +04:00)
Azərbaycan – Çin Sənaye Parkı yaradıla bilər (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan – Çin Sənaye Parkının yaradılması istimaqətində fikir mübadiləsi aparılıb.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

" “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdük. Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Azərbaycan – Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq barədə fikir mübadiləsi apardıq.

Birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq imkanlarını da nəzərdən keçirdik", - paylaşımda bildirilib.

Qeyd edək ki, “CSCEC International” bina və infrastruktur layihələrini həyata keçirən beynəlxalq şirkədir. Şirkət daşınmaz əmlak, investisiya, layihələndirmə və mühəndislik sahələrində fəaliyyət göstərir.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,459 milyard ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamaya görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 59,4 milyon ABŞ dolları və ya 1,7% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,30%-i həcmində olub. Bununla da Çin Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çinə 83,708 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,055 milyon ABŞ dolları və ya təqribən 18,5% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,376 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 46,3 milyon ABŞ dolları və ya 1,4% artım deməkdir. Bununla da Çin Azərbaycanın ən çox idxal əməliyyatları etdiyi ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti