Dünya Bankı Azərbaycanda metan emissiyalarının azaldılması ilə bağlı layihənin təsdiqlənməsini təxirə salıb

İqtisadiyyat Xəbər 2 Noyabr 2026 10:08 (UTC +04:00)
Dünya Bankı Azərbaycanda metan emissiyalarının azaldılması ilə bağlı layihənin təsdiqlənməsini təxirə salıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Dünya Bankı Azərbaycanın qazpaylayıcı şəbəkəsində metan emissiyalarının azaldılmasına yönəlmiş layihənin təsdiqlənmə tarixini təxirə salıb.

Bankın saytında dərc olunan məlumata əsasən, “Azerigas Gas Leak Detection and Repair Facility” layihəsinin təsdiqlənməsi əvvəlcədən nəzərdə tutulan avqustun 6-sı əvəzinə, noyabrın 27-nə planlaşdırılıb.

Layihənin nəzərdə tutulan maliyyələşmə həcmi 15 milyon ABŞ dolları təşkil edir.

“Azəriqaz” İstehsalat Birliyi SOCAR-a tabe olan, ölkə üzrə təbii qazın nəqli, paylanması və satışını həyata keçirən iri qurumlardan biridir. Müəssisə maliyyə əməliyyatlarının uçotunu ayrıca aparır və Azərbaycanın daxili bazarında təbii qazın paylanması və satışı ilə məşğul olur.

Mövcud aktivlərin köhnəlməsi səbəbindən şirkət ciddi qaz sızmaları (metanın nəzarətsiz emissiyaları) ilə üzləşir. Bu aktivlərin əksəriyyəti 50 ildən artıqdır istismar olunur. Qiymətləndirmələrə görə, belə sızmaların həcmi ildə 160 milyon kubmetr (illik 107 min ton metan) təşkil edir.

Təhlillər göstərir ki, qaz sızmalarının həcminin təxminən 80 faizini yeddi il ərzində nisbətən sadə və iqtisadi cəhətdən səmərəli tədbirlər vasitəsilə aradan qaldırmaq mümkündür. Qlobal istiləşmə potensialının (GWP) 28-ə bərabər əmsalından istifadə edildikdə, bu, istixana qazı emissiyalarının ildə CO₂ ekvivalentində 2,4 milyon metrik ton azaldılmasına imkan verəcək”, - deyə bankın məlumatında bildirilir.

Qeyd olunur ki, layihə “Azəriqaz”ın paylayıcı sistemində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması (LDAR) məqsədilə vəsait alan qurum tərəfindən idarə olunan xüsusi maliyyə mexanizminin (Facility) yaradılmasını nəzərdə tutur. İlkin mərhələdə bu mexanizm GFMR (Metan Emissiyalarının Azaldılması üzrə Qlobal Proqram) məqsədli fondunun qrantı hesabına maliyyələşdiriləcək.

“Qrantın alıcısı, eləcə də qrant və maliyyə mexanizmi hesablarının sahibi SOCAR olacaq. Vəsaitlərin yeganə benefisiarı, layihənin birbaşa icrasına və gündəlik idarə olunmasına cavabdeh qurum isə “Azəriqaz” olacaq.

Metanın nəzarətsiz emissiyalarının azaldılmasına yönəlmiş razılaşdırılmış qaz sızmalarının aşkarlanması və aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi üçün vəsait SOCAR tərəfindən “Azəriqaz”a köçürüləcək.

Layihə “Azəriqaz”ın Bakıda qaz sızmalarının ilkin səviyyəsinin müəyyənləşdirilməsi üzrə pilot proqramının nəticələrinə əsaslanacaq. Sızmaların təmiri və aradan qaldırılması ilə bağlı tədbirləri əvvəlcədən razılaşdırılmış seçim meyarlarına uyğun olaraq şirkətin özü təklif və icra edəcək.

Təklif olunan tədbirlər onların dəyəri, icra mürəkkəbliyi, gözlənilən səmərəliliyi və digər müvafiq meyarlar nəzərə alınmaqla sıralanacaq. Bu, yatırılan hər ABŞ dollarına düşən emissiya azaldılmasının maksimum səviyyədə olmasına imkan verəcək”, - deyə Dünya Bankının məlumatında qeyd olunur.

Bankın məlumatına görə, uzunmüddətli nəticələrin təmin edilməsi məqsədilə qaz sızmalarının aradan qaldırılması nəticəsində əldə olunan qaz qənaətindən yaranan maliyyə faydasının əsas hissəsi yenidən maliyyə mexanizminə yönəldiləcək.

“Bu, “Azəriqaz”ın aktivlərinin gələcək modernləşdirilməsi üçün əlavə kapitalın cəlb olunmasına imkan verəcək.

Bundan əlavə, ilkin mərhələdə GFMR-in qrant vəsaitləri, sonrakı mərhələdə isə maliyyə mexanizminin öz vəsaitləri OGMP 2.0 standartına uyğun olaraq “Azəriqaz”ın emissiyaların monitorinqi, hesabatlılıq və verifikasiya (MRV) sahəsində potensialının artırılmasına yönəldiləcək.

GFMR-in qrant maliyyələşməsi “Azəriqaz”ın məhdud maliyyə imkanları səbəbindən əks halda həyata keçirilməsi mümkün olmayacaq tədbirlərin reallaşdırılmasına şərait yaradacaq. Bu isə cari onillik ərzində metan emissiyalarının azaldılması tədbirlərinin sürətləndirilməsinə imkan verəcək”, - deyə Dünya Bankı bildirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti