Türk dünyasının yeni Baş katibi: Onu yaxından tanıyaq

Siyasət Xəbər 31 Oktyabr 2026 11:05 (UTC +04:00)
Türk dünyasının yeni Baş katibi: Onu yaxından tanıyaq
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, ötən gün Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən XIII Zirvə görüşündə Özbəkistanın xarici işlər nazirinin müavini Mirvohid Azimov təşkilatın yeni Baş katibi təyin edilib. O bu postda qırğızıstanlı həmkarı Kubanıçbek Ömüralıyevi əvəz edəcək.

Trend Mirvohid Azimovun dosyesini təqdim edir:

Mirvohid Mirilyasoviç Azimov 1980-ci ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində anadan olub. 2026-cı ildə 46 yaşı tamam olan diplomat Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təhsil alıb. O, ali təhsil müəssisəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistratura pillələrini bitirib.

Azimov hüquq elmləri namizədidir. Onun ixtisaslaşdığı sahə beynəlxalq hüquqdur.

Azimovun diplomatik fəaliyyəti 20 ildən artıq dövrü əhatə edir. O, karyerasının müxtəlif mərhələlərində Özbəkistan Xarici İşlər Nazirliyinin struktur bölmələrində çalışıb, o cümlədən nazirliyin Müqavilə-hüquq idarəsinə rəhbərlik edib.

Onun bioqrafiyasındakı diqqətçəkən məqamlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekində yerləşən Katibliyində dörd il işləməsidir. Beləliklə, Azimov TDT-nin rəhbərliyinə gəlməzdən əvvəl digər böyük regional beynəlxalq təşkilatın fəaliyyətində də təcrübə qazanıb.

2020-ci ilin sentyabrında TDT-nin Baş katibinin müavini vəzifəsinə təsdiqlənən Azimov bu vəzifədə təxminən altı il çalışıb. Bu müddət ərzində təşkilatın institusional inkişafı, üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, siyasi, iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərib.

2026-cı il mayın 26-da Özbəkistan Prezidentinin müvafiq qərarı ilə ölkənin xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib. O, həmin vaxtadək çalışdığı TDT Baş katibinin müavini vəzifəsini tərk edərək Özbəkistanın diplomatik xidmətində fəaliyyətini davam etdirib.

Azimovun təşkilatdakı fəaliyyəti müxtəlif əməkdaşlıq istiqamətlərini əhatə edib.

2026-cı il martın 30-da Daşkənddə keçirilən TDT-nin Kosmik Agentliklər üzrə İşçi Qrupunun iclasında iştirak edən Azimov türk dövlətləri arasında kosmik texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İclasda 12U ölçülü TDT-SAT Cube peykinin istehsalı və orbitə buraxılması ilə bağlı məsələlər müzakirə olunub.

Həmin il aprelin 15-də İstanbulda keçirilən Özbəkistan-Türkiyə turizm əməkdaşlığı tədbirində də iştirak edən Azimov türk dövlətləri arasında turizm əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni-humanitar münasibətlərin inkişafı məsələlərinə toxunub.

2026-cı il oktyabrın 30-da Ankarada keçirilən TDT-nin XIII Zirvə görüşündə təşkilatın Dövlət başçıları Şurasının qərarı ilə Mirvohid Azimov yeni Baş katib təyin edilib.

O, 2022-ci ilin noyabrından bu vəzifədə çalışan Qırğızıstan nümayəndəsi Kubanıçbek Omuraliyevi əvəz edib.

Azimovun təyinatı ilə ilk dəfə Özbəkistan nümayəndəsi TDT-nin Baş katibi vəzifəsini tutacaq.

Təşkilatın Katibliyi yeni Baş katibin əvvəlki təcrübəsinə əsaslanaraq üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığın davam etdirilməsini, “Türk Dünyasına Baxış – 2040” sənədində nəzərdə tutulan məqsədlərin konkret təşəbbüslərə çevrilməsini hədəflədiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti