Bakı. Trend:
Azərbaycançılıq məfkurəsi müasir Azərbaycan dövlətçiliyinin ideoloji təməli, milli birliyin və dövlət müstəqilliyinin mənəvi-siyasi dayağıdır. Bu ideyanın müstəqil Azərbaycanın milli ideologiyası kimi sistemli şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılığı yalnız milli kimliyin ifadəsi kimi deyil, dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər və ümumbəşəri prinsipləri özündə birləşdirən bütöv fəlsəfi-siyasi sistem kimi müəyyənləşdirib.
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin mühüm istiqamətlərindən biri olan azərbaycançılıq məfkurəsi Yeni Azərbaycan Partiyasının da əsas ideoloji prinsipləri sırasında xüsusi yer tutur.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının proqramında azərbaycançılıq milli həmrəyliyin möhkəmləndirilməsi, ölkədə yaşayan müxtəlif xalqların və dini konfessiyaların birliyinin təmin olunması, milli-mədəni irsin qorunması və xaricdəki soydaşlarımızın təşkilatlanması baxımından fundamental prinsip kimi təsbit edilib.

Ə.Hüseynli vurğulayıb ki, bu siyasi irsin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi azərbaycançılıq ideyasına yeni siyasi məzmun qazandırır.
“Bu davamlılığın başlıca istiqamətlərini müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün möhkəmləndirilməsi, milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi və multikultural dəyərlərin qorunması təşkil edir. Azərbaycançılıq ideyası bu baxımdan həm dövlətçilik ənənələrinin qorunmasına, həm də cəmiyyətin vahid məqsədlər ətrafında birləşməsinə xidmət edir”, – deyə deputat bildirib.
O qeyd edib ki, oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər azərbaycançılıq məfkurəsinin müasir dövrdəki əhəmiyyətini bir daha nümayiş etdirib.
Ə.Hüseynlinin sözlərinə görə, Prezident İlham Əliyev forumda milli ideyalar ətrafında birliyin vacibliyini vurğulayaraq azərbaycançılığı həmin ideyalardan biri kimi təqdim edib.
“Prezident İlham Əliyev bildirib: "Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır".
Dövlət başçısının qeyd etdiyi kimi, bu ideya Azərbaycanda yaşayan bütün xalqları bir araya gətirir. Cəmiyyətdə qarşılıqlı hörmət, anlaşma və birlik ölkəmizin sabit inkişafının mühüm təməlidir”, – deyə deputat əlavə edib.
Deputatın fikrincə, azərbaycançılıq yalnız keçmişin siyasi irsi deyil, eyni zamanda gələcəyin strateji ideoloji istiqamətidir.
O bildirib ki, müasir geosiyasi çağırışlar, ideoloji təhlükəsizlik məsələləri və qlobal transformasiyalar fonunda milli birliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan azərbaycançılıq məfkurəsi dövlət müstəqilliyinin, milli həmrəyliyin və cəmiyyətin bütövlüyünün qorunmasında mühüm ideoloji istiqamət olaraq çıxış edir.
