Bakı. Trend:
Böyük Britaniyada 16 yaşdan kiçiklərin sosial media platformalarından istifadəsinə qadağa qoyulması pasportu və ya sürücülük vəsiqəsi olmayan 100 mindən çox yeniyetmənin də bu platformalara girişini məhdudlaşdıra bilər.
"The Guardian"ın məlumatına görə, bu barədə Böyük Britaniyanın onlayn mühitə nəzarət qurumu olan “Ofcom” məlumat yayıb.
Qurumun məlumatına əsasən, ölkədə 16-17 yaşlı təxminən, 150 min nəfərin pasportu və ya sürücülük vəsiqəsi yoxdur. Yaş məhdudiyyəti tətbiq edilən platformalara giriş zamanı bu sənədlərin tələb olunacağı ehtimal edilir.
Gələn yaz qüvvəyə minməsi nəzərdə tutulan qadağanın “Instagram”, “TikTok”, “YouTube”, “Facebook”, “Snapchat”, “Reddit”, “Threads”, “Twitch”, “X” və “Kick” platformalarını əhatə edəcəyi gözlənilir. Bununla belə, Böyük Britaniya hökuməti qadağanın hansı platformalara şamil olunacağını hələ rəsmən təsdiqləməyib.
“Ofcom” yaşın yoxlanılması üçün dörd üsul müəyyən edib. Bunlara şəxsiyyət sənədinin önçəkimlə tutuşdurulması, bank vasitəsilə yaşın təsdiqlənməsi, rəsmi rəqəmsal şəxsiyyət sənədindən istifadə və önçəkim əsasında yaşın təxmin edilməsi daxildir.
“Ofcom”un rəhbəri Melani Dous bildirib ki, uşaqlar məhdudiyyətlərdən yayınmağa çalışacaqlar. Onun sözlərinə görə, qadağanın tətbiqi Böyük Britaniya cəmiyyəti üçün böyük mədəni dəyişiklik olacaq.
Hökumətin qadağanı təsdiqləyən qaydaları ilin sonunadək qəbul edəcəyi gözlənilir.
