Azərbaycan İƏT məkanında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirir - Azər Qarayev

Siyasət Xəbər 29 Oktyabr 2026 16:14 (UTC +04:00)
Azərbaycan İƏT məkanında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirir - Azər Qarayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının keçirilməsi Azərbaycanın beynəlxalq hüquq-mühafizə əməkdaşlığının inkişafına verdiyi töhfənin növbəti nümunəsidir. İclasın əhəmiyyəti yalnız müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməsi ilə məhdudlaşmır. Əsas məsələ korrupsiyanın sərhədləri aşan xarakterinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və dövlətlər arasında etimadın möhkəmləndirilməsidir.

Bunu Trend-ə politoloq Azər Qarayev bildirib.

"Müasir dünyada korrupsiya ayrı-ayrı dövlətlərin daxili problemi olmaqdan çoxdan çıxıb. Qanunsuz əldə edilmiş vəsaitlərin başqa ölkələrə köçürülməsi, mürəkkəb maliyyə əməliyyatları vasitəsilə gizlədilməsi və cinayət gəlirlərinin leqallaşdırılması bu sahədə mübarizəni daha mürəkkəb edir. Bir ölkədə törədilən cinayətin maliyyə izləri başqa ölkənin bank sisteminə, şirkətlərinə və daşınmaz əmlak bazarına gedib çıxa bilər. Belə hallarda yalnız milli qanunvericilik çərçivəsində görülən tədbirlər kifayət etmir. Məlumat mübadiləsi, sübutların əldə olunması və cinayət yolu ilə qazanılmış aktivlərin qaytarılması üçün dövlətlər arasında çevik əməkdaşlıq tələb olunur.

Məhz bu baxımdan Bakıda keçirilən görüşün gündəliyi xüsusi əhəmiyyət daşıyır. İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları arasında əlaqələrin gücləndirilməsi hüquq-mühafizə qurumlarının təcrübə mübadiləsinə, ortaq problemlərin müzakirəsinə və daha səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına imkan yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətində də bu məsələyə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev korrupsiyanın ictimai etimada, sosial ədalətə və iqtisadi inkişafa vurduğu ziyanı qeyd edərək bildirib: “Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir”. Bu yanaşma əməkdaşlığın mahiyyətini aydın göstərir. Korrupsiyaya qarşı mübarizənin nəticəsi ayrı-ayrı ölkələrin atdığı addımlarla yanaşı, onların bir-birinə hansı səviyyədə dəstək verməsindən də asılıdır", - o bildirib.

A.Qarayev qeyd edib ki, iclas çərçivəsində Azərbaycanın Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulması diqqət çəkən məqamlardandır.

"İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığını nəzərdə tutan bu sənəd birgə fəaliyyət üçün hüquqi platformanın formalaşdırılmasına xidmət edir. Belə mexanizmlərin əhəmiyyəti xüsusilə cinayət gəlirlərinin ölkələr arasında hərəkət etdiyi hallarda artır. Hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyəti maliyyə əməliyyatlarının araşdırılmasına, cinayət yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsinə və onların geri qaytarılması istiqamətində səylərin birləşdirilməsinə kömək edə bilər. Azərbaycanın Konvensiyaya qoşulması ölkənin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə marağını nümayiş etdirir. Bakının İƏT məkanında dialoq üçün platforma təqdim etməsi də tərəfdaş dövlətlərin ortaq problemlərin həlli istiqamətində əlaqələrini inkişaf etdirmək baxımından əhəmiyyətlidir", - A.Qarayev bildirib.

Politoloq vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə texnologiyaların rolu da getdikcə artır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, inzibati prosedurların sadələşdirilməsi və qərarların qəbulunda şəffaflığın gücləndirilməsi korrupsiya risklərinin azaldılmasına kömək edir. Elektron xidmətlər vətəndaşlarla dövlət qurumları arasında birbaşa təmasları azaldaraq bəzi hallarda qeyri-rəsmi ödənişlər üçün yaranan imkanları məhdudlaşdırır.

"Digər tərəfdən, süni intellekt və rəqəmsal maliyyə alətlərinin sürətli inkişafı yeni çağırışlar meydana çıxarır. Bu texnologiyalardan maliyyə əməliyyatlarını gizlətmək, saxta məlumatlar yaratmaq və qanunsuz gəlirlərin mənşəyini ört-basdır etmək üçün də istifadə oluna bilər. Buna görə də müasir texnologiyaların hüquq-mühafizə fəaliyyətinə tətbiqi, mütəxəssislərin hazırlığı və dövlətlər arasında rəqəmsal məlumat mübadiləsi korrupsiyaya qarşı mübarizənin vacib istiqamətlərinə çevrilir. Prezident İlham Əliyevin müraciətində vurğulandığı kimi: "Hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir". Azərbaycanın özündə də qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və xidmətlərin əlçatanlığının təmin edilməsi bu sahədə əsas istiqamətlər kimi müəyyənləşdirilib", - o bildirib.

A.Qarayev qeyd edib ki, Bakıda keçirilən yüksək səviyyəli iclas bu təcrübələrin müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

"Onun nəticələrinin əhəmiyyəti dövlətlərin razılaşmaları praktik addımlara çevirmək, qarşılıqlı etimadı qorumaq və ortaq mexanizmləri gücləndirmək istiqamətində atacağı addımlarla müəyyən olunacaq. Korrupsiyaya qarşı mübarizədə davamlı nəticələr əldə etmək üçün siyasi iradə, işlək hüquqi mexanizmlər və beynəlxalq həmrəylik bir-birini tamamlamalıdır. Bakıda keçirilən görüşün əsas mesajı da budur: dövlətlər arasında əməkdaşlıq nə qədər sistemli və səmərəli qurularsa, korrupsiyanın yaratdığı risklərə qarşı mübarizə də bir o qədər təsirli olar", - politoloq əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti