Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 16 milyard 381,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çoxdur.
Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar dövlət büdcəsinin ümumi daxilolmalarının 55,9 faizini təşkil edib. Bu göstərici 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,5 faiz bəndi artıb.
Məlumata görə, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar proqnozu 161,9 milyon manat və ya 1 faiz üstələyib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu daxilolmalar 1 milyard 388,4 milyon manat və ya 9,3 faiz artıb.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 63 faizi və ya 10 milyard 327,9 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 30,4 faizi və ya 4 milyard 973,3 milyon manatı isə gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşüb.
Bundan əlavə, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 543,2 milyon manat təşkil edib ki, bu da qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 3,3 faizinə bərabərdir.
Sair daxilolmalar 493,7 milyon manat (3 faiz), dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar isə 43,2 milyon manat (0,3 faiz) olub.
