Bakı. Trend:
2026-cı ildə Azərbaycanda inflyasiyanın 5,9 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) iyul ayında açıqladığı proqnozla müqayisədə 0,2 faiz bəndi aşağıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, inflyasiya proqnozları oktyabr ayında yenilənib və iyul ayı proqnozları ilə müqayisədə müəyyən dəyişikliklər edilib.
“2026-cı il üzrə inflyasiyanı 5,9 faiz səviyyəsində proqnozlaşdırırıq. Bu, iyul ayının proqnozu ilə müqayisədə 0,2 faiz bəndi aşağı reviziyadır. Bunun əsas səbəbi kənd təsərrüfatı istehsalçılarının qiymət indeksinin gözlədiyimizdən daha aşağı templə artmasıdır. Biz bunu müsbət qiymətləndiririk”, – deyə o qeyd edib.
T.Kazımov bildirib ki, 2027-ci il üzrə inflyasiya proqnozu isə əvvəlki qiymətləndirmə ilə müqayisədə 0,1 faiz bəndi artırılıb. Buna əsas səbəb ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsinin gözlənilməsidir.
AMB sədrinin sözlərinə görə, Azərbaycanda inflyasiyaya təsir göstərən əsas amillərdən biri xarici qiymət dinamikasıdır. Yaxın Şərqdə baş verən münaqişə nəticəsində qlobal enerji və ərzaq qiymətlərinin artması ticarət tərəfdaşlarında, xüsusilə də idxal tərəfdaşlarında inflyasiyanın yüksəlməsinə səbəb olub.
“Bu inflyasiyanı biz də öz iqtisadiyyatımıza idxal etmişik”, – deyə T.Kazımov vurğulayıb.
O əlavə edib ki, cari ilin ilk doqquz ayının nəticələrinə əsasən, baza inflyasiyası 4,9 faiz təşkil edib.
Qiymət dinamikasına gəldikdə, qida məhsulları, spirtli içkilər və tütün məmulatları üzrə qiymət artımı 6,9 faiz, qeyri-qida məhsulları üzrə isə müvafiq göstəricilər 3,6 faiz və 5,1 faiz səviyyəsində qeydə alınıb.
