Azərbaycan nəqliyyat sektorunda qarşıya qoyulmuş məqsədlərə nail ola biləcək - Nazir müavini

Yaşıl iqtisadiyyat Xəbər 28 Oktyabr 2026 12:41 (UTC +04:00)
Azərbaycan nəqliyyat sektorunda qarşıya qoyulmuş məqsədlərə nail ola biləcək - Nazir müavini
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan nəqliyyat sektorunda qarşıya qoyulmuş məqsədlərə nail ola biləcək.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu çərçivəsində bildirib.

Onun sözlərinə görə, Bakı dairəvi dəmir yolu ilə daşınan sərnişinlərin sayı iki il əvvəlki göstərici ilə müqayisədə təxminən 30 mindən 53 min nəfərə çatıb.

“Yaxın illərdə sərnişin axınının daha da artacağı gözlənilir.

AZAL-ın təyyarə parkının yenilənməsi çərçivəsində artıq yeni nəsil 10 təyyarə istismara verilib. 2032-ci ilədək təyyarə parkının əhəmiyyətli dərəcədə genişləndirilməsi və tamamilə yenilənməsi planlaşdırılır. Bunun üçün konkret maliyyələşdirmə proqramları nəzərdə tutulub. Təyyarələrin yenilənməsi aviasiya sektorunda karbon emissiyalarının xüsusi həcmini təxminən 20 faiz azaltmağa imkan verəcək.

Dəniz nəqliyyatında da modernləşdirmə işləri davam etdirilir. Bununla yanaşı, karbon emissiyalarının azalması və iqtisadi artım müşahidə olunur”, - deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, cari ilin ilk doqquz ayında nəqliyyat sektorunda artım 10 faiz, tranzit daşımalarının həcmi isə 14 faizdən çox olub.

“Müvafiq tədbirlərin həyata keçirilməsi öhdəliklərin dövlət proqramlarında təsbit edilməsini və beynəlxalq maliyyə institutları ilə səmərəli əməkdaşlığı nəzərdə tutur. Artıq hava, dəmir yolu və şəhər relsli nəqliyyatı sahələrində belə əməkdaşlıq qurulub”, - deyə R. Hümmətov bildirib.

O qeyd edib ki, rəqəmsallaşma bir tərəfdən iqtisadi səmərəliliyi artırır, digər tərəfdən isə əhali üçün nəqliyyat xidmətlərinin əlçatanlığının təmin edilməsinə töhfə verir.

Nazir müavininin sözlərinə görə, xidmətlərin əlçatanlığı, o cümlədən onların qiymətindən asılıdır. Münasib qiymətlərin təmin edilməsi üçün yanacaqdan daha səmərəli istifadə etməyə imkan verən nəqliyyat vasitələrinə üstünlük verilməlidir.

“Ümid edirəm ki, Azərbaycan qarşıdakı illərdə qəbul edilmiş öhdəliklərə və nəzərdə tutulan proqramlara uyğun olaraq qarşıya qoyulan məqsədlərə nail ola biləcək”, - deyə nazir müavini fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti