İsveçrəli modeldən Trampa ağır ittiham

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 16:32 (UTC +04:00)
İsveçrəli modeldən Trampa ağır ittiham
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Miss İsveçrə” titulunun keçmiş sahibi Beatris Koyl ABŞ Prezidenti Donald Trampın 1993-cü ildə onu zorladığını iddia edib.

Bu barədə "Time" nəşri məlumat yayıb.

Modelin sözlərinə görə, o, 24 yaşında olarkən "American Dream Pageant" gözəllik müsabiqəsində iştirak edib. Məhz həmin müsabiqə çərçivəsində təşkil olunan mətbuat nümayəndələri üçün nahar tədbirində Trampla tanış olub. Gələcək siyasətçi ona ABŞ vizası almasına və Nyu-York Universitetinə qəbul olunmasına “kömək edəcəyini” vəd edib. Həmin tədbirdə maliyyəçi və pedofillikdə ittiham olunan Cefri Epşteyn də iştirak edib. Koylun sözlərinə görə, Epşteyn Trampı “Don” adlandırıb və onunla birlikdə çoxsaylı məclislər təşkil etdiyini söyləyib.

Koylun iddiasına görə, həmin günün sonunda Tramp onu “Plaza” hotelindəki nömrəsinə dəvət edib və orada zorlayıb. Koyl siyasətçini arxadan tutaraq ona hücum etməkdə, eləcə də bədənində qançırlar və göyərmələr yaratmaqda ittiham edib.

Koylun iddiasına görə, bundan sonra Tramp susacağı təqdirdə universitetə qəbul olunmasına və viza almasına yenidən kömək edəcəyini vəd edib. Model bildirib ki, ABŞ-yə gəldikdən sonra pasportu əlindən alındığı üçün baş verənlərə baxmayaraq, müsabiqəni tərk edə bilməyib. İsveçrəyə qayıtdıqdan sonra isə Trampın təşkil etdiyi başqa bir tədbirdə iştirakdan dərhal imtina edib.

"Time" nəşri Koylun danışdıqlarının təfərrüatlarını təsdiqləyə bilmədiyini etiraf edib. Ağ Ev isə ittihamları rədd edib.

“Bu, ümidsizliyə qapılmış demokratların amerikalıların diqqətini getdikcə güclənən respublikaçı dalğasından yayındırmaq cəhdindən başqa bir şey deyil”, – Ağ Evin mətbuat katibi Loren Bis bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti