Bakı. Trend:
Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib.
Trend Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalarına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 171,1 milyon manat və ya 18,8% çoxdur. Beləliklə, bank sektorunun xalis mənfəəti ötən ilin ilk doqquz ayındakı 910,7 milyon manatdan 1 milyard manatı ötüb.
Hesabat dövründə bankların vergilər ödənilənədək mənfəəti 1 milyard 352,6 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin yanvar-sentyabr aylarında qeydə alınan 1 milyard 125,2 milyon manatla müqayisədə 227,4 milyon manat və ya 20,2% artıb.
Bank sektorunun maliyyə nəticələrinin yaxşılaşması gəlirlərin və xərclərin dinamikasında da özünü göstərib.
Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bankların faiz və faiz gəlirlərinə bərabər tutulan gəlirləri 4 milyard 189,3 milyon manata çatıb. Ötən ilin eyni dövründə bu məbləğ 3 milyard 666,8 milyon manat olub. İllik müqayisədə 522,5 milyon manat və ya 14,2% artım qeydə alınıb.
Faiz gəlirlərinin əsas hissəsi kreditlər üzrə gəlirlərin payına düşüb. Cari ilin ilk doqquz ayında bu mənbədən əldə olunan gəlirlər 3 milyard 379,7 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövründəki 2 milyard 887 milyon manatla müqayisədə 492,7 milyon manat və ya 17,1% çoxdur.
Bankların faiz gəlirləri ilə yanaşı, faiz xərcləri də artıb. Hesabat dövründə faiz və onlara bağlı xərclər 1 milyard 548,2 milyon manat təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 1 milyard 341,1 milyon manat olub. Beləliklə, faiz xərcləri bir il ərzində 207,1 milyon manat və ya 15,4% yüksəlib.
Bununla belə, bank sektorunun xalis faiz gəliri də müsbət dinamika nümayiş etdirib. Cari ilin yanvar-sentyabr aylarında xalis faiz gəliri 2 milyard 586,3 milyon manata çatıb. Ötən ilin eyni dövründə qeydə alınan 2 milyard 281,9 milyon manatla müqayisədə artım 304,4 milyon manat və ya 13,3% olub.
Qeyri-faiz gəlirlərində də artım müşahidə edilib. Bankların bu kateqoriya üzrə gəlirləri 2026-cı ilin ilk doqquz ayında 1 milyard 545 milyon manat təşkil edib. 2025-ci ilin eyni dövründə isə 1 milyard 378,8 milyon manat qeydə alınıb. İllik artım 166,2 milyon manat və ya 12,1% olub.
Qeyri-faiz gəlirlərinin tərkibində hesabların aparılması üzrə xidmətlərdən əldə edilən komissiya gəlirləri 344,4 milyon manat, məzənnə dəyişməsindən yaranan xalis gəlir 223,9 milyon manat, qiymətli kağızların satışı üzrə gəlir isə 1 milyon manat təşkil edib. Digər qeyri-faiz gəlirləri 975,8 milyon manata yüksəlib.
Eyni zamanda, bankların qeyri-faiz xərcləri də artıb. Bu xərclər 2026-cı ilin yanvar-sentyabr aylarında 2 milyard 434,1 milyon manat təşkil edib. Ötən ilin eyni dövründəki 2 milyard 287,6 milyon manatla müqayisədə artım 146,5 milyon manat və ya 6,4% olub.
Nəticədə bank sektorunun qeyri-faiz əməliyyatları üzrə zərəri 889,1 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin yanvar-sentyabr aylarında qeydə alınan 908,8 milyon manatla müqayisədə 19,7 milyon manat və ya 2,2% azalıb.
Beləliklə, 2026-cı ilin ilk doqquz ayında bank sektorunun xalis mənfəətinin artımını faiz və qeyri-faiz gəlirlərinin yüksəlməsi, eləcə də qeyri-faiz əməliyyatları üzrə zərərin azalması müşayiət edib.
30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil edib.
