Azərbaycanda əhali və dövlət qulluqçuları üçün rəqəmsal səriştələr çərçivəsi hazırlanır

Cəmiyyət Xəbər 27 Oktyabr 2026 11:38 (UTC +04:00)
Azərbaycanda əhali və dövlət qulluqçuları üçün rəqəmsal səriştələr çərçivəsi hazırlanır
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda əhali və dövlət qulluqçuları üçün ayrı-ayrılıqda rəqəmsal səriştələr çərçivəsi hazırlanır.

Trend-in sessiyada iştirak edən müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova çərşənbə axşamı Bakıda keçirilən “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ölkədə əhalinin müxtəlif qruplarının, o cümlədən şagirdlərin, tələbələrin və müəllimlərin rəqəmsal savadlılığının qiymətləndirilməsi aparılır. Eyni zamanda, dövlət qulluqçularının da rəqəmsal bacarıqları qiymətləndirilir. Təxminən 30 min dövlət qulluqçusunu əhatə edən qiymətləndirmə çərçivəsində onların 29 minə yaxını sorğuda iştirak edib.

V.Qurbanova bildirib ki, rəqəmsal səriştələr çərçivəsinin hazırlanması istiqamətində Avstriyanın İqtisadiyyat, Məşğulluq və İnkişaf Agentliyi ilə əməkdaşlıq edilir. Bu iş Avropa İttifaqının təsdiqlədiyi Rəqəmsal Səriştələr Çərçivəsi (DigComp) əsasında həyata keçirilir.

“Biz həmin agentliklə əməkdaşlıq edərək Azərbaycan üçün də rəqəmsal səriştələr çərçivəsi hazırlayırıq. İki ayrı sənəd üzərində işləyirik: biri əhali, digəri isə dövlət qulluqçuları üçün nəzərdə tutulub. Çünki bu iki qrupun rəqəmsal savadlılıq və səriştə ehtiyacları eyni deyil”, – deyə o qeyd edib.

Departament rəhbərinin sözlərinə görə, rəqəmsal bacarıqların artırılması istiqamətində işlərin görülməsi üçün çərçivə sənədlərinin hazırlanmasını və qiymətləndirmələrin başa çatmasını gözləmək mümkün deyil. Texnologiyaların sürətli inkişafı bu sahədə təlimlərin indidən keçirilməsini zəruri edir.

“Biz gözləyə bilmərik ki, əvvəlcə çərçivə sənədini hazırlayaq, sonra qiymətləndirmə aparaq və yalnız bundan sonra əhalinin rəqəmsal savadlılığını artıraq. Vaxtımız yoxdur, sürətlənməliyik. Buna görə də təlimlərə artıq başlamışıq”, – deyə V.Qurbanova bildirib.

O, dövlət qulluqçularının rəqəmsal bacarıqlarının inkişafına yönələn “Rəqəmsal üfüqlər” layihəsinə də toxunub. Qeyd edib ki, layihə çərçivəsində təlimlərə oktyabrın 12-də başlanılıb və oktyabrın 27-nə olan məlumata görə, 4 210 dövlət qulluqçusu İRİA-nın sertifikatını əldə edib.

V.Qurbanova layihədə regionlardan olan dövlət qulluqçularının da fəal iştirak etdiyini bildirib. Onun sözlərinə görə, müraciətlərin və məlumatların təqdim edilməsi baxımından Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları xüsusi fəallıq göstəriblər.

Departament rəhbəri rəqəmsal savadlılığın artırılması üzrə təlimlərin genişləndirilməsinin dövlət sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, əhali və dövlət qulluqçuları üçün səriştə çərçivələrinin hazırlanması təlimlərin ehtiyaclara uyğun təşkilinə və rəqəmsal bacarıqların sistemli şəkildə inkişafına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti