Azərbaycan və Avstriya noyabrda Bakıda siyasi məsləhətləşmələr aparacaq

Siyasət Xəbər 26 Oktyabr 2026 20:05 (UTC +04:00)
Azərbaycan və Avstriya noyabrda Bakıda siyasi məsləhətləşmələr aparacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avstriya noyabrda Bakıda keçiriləcək siyasi məsləhətləşmələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Çoxtərəfli iqtisadi məsələlər idarəsinin rəisi Nərgiz Qurbanova Avstriya Respublikasının milli bayramı - Avstriyanın Milli Günü münasibətilə keçirilən qəbulda çıxışı zamanı deyib.

O bildirib ki, coğrafi baxımdan fərqli regionlarda yerləşsə də, ərazi və əhali baxımından oxşar xüsusiyyətlərə malik Azərbaycan ilə Avstriya arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır:

"Hər iki ölkənin öz regionunda strateji mövqeyi və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi önəm münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Ölkələrimiz arasında siyasi dialoq müntəzəm xarakter daşıyır. Cari ilin noyabr ayında Bakıda keçiriləcək XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti raundu ikitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq perspektivləri baxımından əhəmiyyət kəsb edir.

İqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Avstriyanın sənaye, yüksək texnologiyalar və infrastruktur sahələrində təcrübəsi, Azərbaycanın isə nəqliyyat-logistika imkanları və iqtisadi potensialı yeni tərəfdaşlıq perspektivləri yaradır".

N. Qurbanova bildirib ki, enerji sahəsində əməkdaşlığımız uğurla inkişaf edir:

"Bu ildən Azərbaycan Avstriyaya qaz ixrac etməyə başlayıb. Beləliklə, Azərbaycan qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə tədarük edilir. Bu, Azərbaycanın enerji sahəsində Avropanın strateji tərəfdaşlığının daha bir göstəricisidir.

Humanitar sahədə əlaqələr ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Avstriya Azərbaycanlı tələbələrin xaricdə ali təhsil almaq üçün ən çox seçdikləri ölkələrdən biridir.

Azərbaycan və Avstriya, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində dialoqun, qarşılıqlı anlaşmanın və konstruktiv tərəfdaşlığın təşviqinə böyük önəm verir. Azərbaycan Avstriyanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləmişdir. Fürsətdən istifadə edərək üzv seçilməyiniz münasibəti ilə sizi bir daha təbrik edirik. Bu dəstək beynəlxalq sülh və təhlükəsizliyin qorunması və qlobal çağırışların həlli istiqamətində birgə səylərimizin göstəricisidir. Əminik ki, mövcud əməkdaşlıq potensialından səmərəli istifadə edilməsi Azərbaycan-Avstriya münasibətlərinin inkişafı və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəkdir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti