Mədəniyyətlərarası dialoq forumlarının 15-ci ildönümünü qeyd edirik - Fərid Cəfərov

Mədəniyyət Xəbər 26 Oktyabr 2026 12:25 (UTC +04:00)
Mədəniyyətlərarası dialoq forumlarının 15-ci ildönümünü qeyd edirik - Fərid Cəfərov
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakı Prosesi çərçivəsində indiyədək altı forum keçirilib. Bu il forumların 15-ci ildönümünü qeyd edirik.

Trend-in müxbiri xəbər verir ki, bu fikirləri bazar ertəsi Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov 27–29 oktyabr tarixlərində keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

“İlk forum 2011-ci ildə keçirilib. Ötən dövrdə forumların miqyası və iştirakçı dairəsi genişlənib. Bu platforma hökumətləri, beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını, media nümayəndələrini, gəncləri və dini liderləri bir araya gətirib”,-deyə o qeyd edib.

F.Cəfərov bildirib ki, Builki forum “Parçalanmış dünyada körpülərin qurulması” mövzusuna həsr olunub:

“Mövzu ölkələr və cəmiyyətin müxtəlif qrupları arasında davam edən bərabərsizliklər və qarşıdurmalar nəzərə alınaraq müəyyənləşdirilib. Məqsəd cəmiyyətin müxtəlif təbəqələrini, hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək ortaq məsələləri müzakirə etməkdir”, – deyə o əlavə edib.

Nazirlik rəsmisi qeyd edib ki, forum oktyabrın 27-də rəsmi olaraq başlayacaq. Forum çərçivəsindəki tədbirlərə isə artıq start verilir.

“Bakı Prosesinin ilkin məqsədi Şərq və Avropa ölkələrinin mədəniyyət nazirlərini Bakıda bir araya gətirərək mədəniyyət məsələləri ətrafında məsləhətləşmələr aparmaq olub”.

O bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası sahəsində təcrübəsini dünya ilə bölüşməyə hazırdır.

Nazir müavininin sözlərinə görə, münaqişədən keçmiş və hazırda azad edilmiş ərazilərdə dağıdılmış mədəni irsin bərpasını həyata keçirən Azərbaycan bu sahədə təcrübəsini beynəlxalq tərəfdaşları ilə bölüşmək niyyətindədir.

“Forumun panellərindən biri Azərbaycanın münaqişədən təsirlənmiş bölgələrdə maddi və qeyri-maddi mədəni irsin bərpası sahəsində təcrübəsinə həsr olunacaq. Biz bu təcrübəni dünya ilə bölüşmək istəyirik. Beynəlxalq tərəfdaşlarımızın da bu yanaşmanı dəstəkləməsini istəyirik ki, münaqişədən təsirlənmiş və ya münaqişədən çıxmış digər bölgələr də bundan faydalana bilsin”, – deyə F.Cəfərov vurğulayıb.

O qeyd edib ki, forum üçün altı məqsəd müəyyənləşdirilib. Bunlardan ən mühümü sektorlararası tərəfdaşlığın gücləndirilməsidir.

“Bəzən cəmiyyətin müxtəlif təbəqələri və qərar qəbul edən şəxslər arasında sektorlararası tərəfdaşlığın yetərli olmadığını görürük. Gələcək nəsillərin imkanlarının genişləndirilməsi də forumun məqsədlərindən biridir”, – deyə nazir müavini əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti