Bakı. Trend:
Ermənistanda Amulsar qızıl yatağının istismarı ilə bağlı ekoloji mübahisələr yenidən gündəmə gəlib. Ölkə və beynəlxlq mediada yayılan materiallarda mümkün turşu drenajı, ağır metalların su ehtiyatlarına təsiri və mədən tullantılarının uzunmüddətli təhlükələri ilə bağlı narahatlıqlar ifadə olunur.
Məsələ xüsusilə ona görə diqqət çəkir ki, Ermənistan hazırda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının COP17 konfransına ev sahibliyi edir. İrəvan beynəlxalq ictimaiyyət qarşısında təbiətin qorunması, biomüxtəlifliyin mühafizəsi və ekoloji öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təşəbbüslər irəli sürür. Belə bir şəraitdə ölkənin öz ərazisindəki iri mədən layihələri ətrafında yaranan ekoloji sualların cavabsız qalması ciddi müzakirə mövzusudur.
Ekoloji mübahisələrin əsas istiqamətlərindən biri turşu süxur drenajı riskidir. Süxurların tərkibindəki piritin hava və su ilə təması nəticəsində turşulu axıntılar yarana, müəyyən şəraitdə ağır metalların ətraf mühitə yayılması mümkün ola bilər. Bu proses mədənçilik sənayesində məlum ekoloji risklərdən hesab edilir.
Qızıl çıxarmaq üçün başladılan Amulsar qızıl mədəni layihəsinin ekoloji sənədlərində də turşu drenajı ehtimalı, tullantı süxurlarının idarə olunması və suyun təmizlənməsi məsələləri nəzərdən keçirilib. Layihə sənədlərində bəzi materialların turşu əmələ gətirmə potensialının olduğu, risklərin idarə olunması üçün xüsusi tədbirlərin nəzərdə tutulduğu göstərilir.
2019-cu ildə aparılmış müstəqil qiymətləndirmə də yeraltı suların və çayların mümkün təsirlərə məruz qalması ilə bağlı risklərin olduğu göstərib. Bununla yanaşı, qiymətləndirmədə bəzi təsirlərin azaldılması üçün texniki tədbirlərin kifayət etmədiyi etiraf edilib.
Amulsar layihəsi ətrafında müzakirələrin digər istiqaməti Arpa, Darb və Vorotan çayları, eləcə də Keçut su anbarı ilə bağlı potensial risklərdir. Bu su sistemləri bölgənin ekoloji tarazlığı və su təminatı baxımından əhəmiyyətlidir.
Yekdil fikir ondan ibarətdir ki,qoruyucu sistemlərin düzgün işləməməsi halında çirkləndirici maddələrin su mənbələrinə düşə biləcək. Arpa–Göyçə tuneli vasitəsilə suyun Göyçə gölü hövzəsinə ötürülməsi də çirklənmə ssenarilərini real edir.
Ermənistanın ev sahibliyi etdiyi COP17 qlobal biomüxtəlifliyin qorunması üzrə 2030-cu il hədəflərinin icrasının qiymətləndirilməsini nəzərdə tutan beynəlxalq platformadır.
Bununla belə, beynəlxalq konfransa ev sahibliyi etmək özlüyündə ölkənin bütün ekoloji problemlərinin həll olunduğu anlamına gəlmir. Əksinə, ev sahibi ölkənin öz ərazisindəki ekoloji mübahisələrə münasibəti də onun açıqlıq və hesabatlılıq prinsiplərinə sadiqliyinin qiymətləndirilməsi üçün əhəmiyyətlidir.
Amulsar ətrafında yaranan suallar da məhz bu baxımdan diqqət çəkir: beynəlxalq auditoriyaya biomüxtəlifliyin qorunmasının vacibliyini izah edən ölkə özünün iri mədən layihələri ilə bağlı narahatlıqlara necə cavab verir?
COP17-nin əsas nəticələri hələ yekunlaşmayıb. Bununla belə, qlobal biomüxtəliflik hədəflərinin icrasında irəliləyişin yetərsiz olması barədə beynəlxalq tənqidlər göstərir ki, bəyanatlar və real nəticələr arasında fərq qalmaqdadır.
Amulsar yatağı ətrafında müzakirələr Ermənistanın ekoloji siyasətində şəffaflıq, monitorinq və ictimai hesabatlılıq məsələlərini yenidən gündəmə gətirir. Ekoloji risklərin mövcudluğu ilə təsdiqlənmiş zərər faktlar var və Ermənistanın bu ekoloji cinayəti diqqətdən kənarda saxlaması ayrıca bir cinayətdir.
Ermənistanın beynəlxalq ekoloji öhdəlikləri yalnız konfranslarda səsləndirilən bəyanatlarla deyil, ölkə daxilindəki layihələrə münasibəti, açıq məlumatların əlçatanlığı və ekoloji risklərin idarə olunmasıdır və İərvan buna məhəl qoymur.
Bu baxımdan COP17-nin yekun nəticələrinin real nəticələrə çevrilməsi inandırıcı görünmür.
