Bakı. Trend:
Süni intellekt mədəniyyətlərarası anlaşmanı gücləndirmək üçün təsirli vasitə ola bilər. Lakin onun inkişafında etik prinsiplər, ümumbəşəri dəyərlər və insan amili nəzərə alınmalıdır
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri bazar ertəsi BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad 27–29 oktyabr tarixlərində keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, əksər hökumətlər və ölkələr süni intellektin yaratdığı çağırışlarla üzləşməyə tam hazır deyil. Texnologiyanın sürətli inkişafı və onun mümkün nəticələri hökumətləri və cəmiyyətləri narahat edən məsələlərdəndir.
Nihal Saadın sözlərinə görə, süni intellekt müxtəlif mədəniyyətlər və təcrübələr haqqında məlumatlılığı artırmaqla qarşılıqlı hörmətin və mədəni müxtəlifliyin təşviqinə töhfə verə bilər. Bununla yanaşı, bu texnologiya yanlış məlumatların yayılması üçün istifadə edildikdə təhdidə çevrilir.
“Başqaları haqqında yanlış məlumatların yayılması qorxu yarada bilər. Belə olduqda süni intellekt müxtəlifliyə və qarşılıqlı hörmətə mənfi təsir göstərir. Buna görə də bu sahədə yeni proqram və məhsullar hazırlanarkən etik prinsiplər və ümumbəşəri dəyərlər əsas götürülməli, insan amili diqqət mərkəzində saxlanılmalıdır”, – deyə o vurğulayıb.
Jurnalistlərin suallarını cavablandıran UNAOC direktoru dialoqun sülh şəraitində birgəyaşayış üçün əhəmiyyətindən də danışıb. O qeyd edib ki, dialoq özlüyündə son məqsəd deyil, davamlı proses və həyat tərzidir.
“Dünyada çoxsaylı çağırışlar, davam edən münaqişələr və müharibələr görürük. Bunları yalnız dialoq vasitəsilə həll etmək mümkün deyil. Bunun üçün diplomatiya, sülh müqavilələri və beynəlxalq sazişlər də lazımdır”, – deyə Nihal Saad bildirib.
O əlavə edib ki, dialoq cəmiyyətlərin bir-biri ilə ünsiyyət qurmasına və dinc yanaşı yaşamasına kömək edir. Bu baxımdan dialoq həm münaqişələr başa çatdıqdan sonra, həm də onların qarşısının alınması üçün mühüm əhəmiyyət daşıyır.
N.Saad qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu məqsədlərə nail olunması baxımından ən mühüm qlobal platformalardan biridir.
“Azərbaycanla bu istiqamətdə sıx tərəfdaşlığımızı davam etdirməkdən qürur duyuruq. VII Forum çərçivəsində üç əsas istiqamət üzrə təşəbbüslər həyata keçiririk. Bunlardan birincisi "Dinlərarası dialoq: Ortaq gələcəyə aparan yol xəritəsi" mövzusunda plenar iclasın təşkilidir. İclasda müxtəlif dinlərin nümayəndələri, dinlərarası və mədəniyyətlərarası dialoq üzrə ekspertlər iştirak edəcəklər”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, müzakirələr zamanı dini icmaların sülh quruculuğuna, barışığa və sosial həmrəyliyə verə biləcəyi töhfələr, eləcə də dini dözümsüzlüklə mübarizə məsələləri diqqət mərkəzində olacaq.
N.Saad əlavə edib ki, builki forumun mühüm yeniliklərindən biri gənclərin iştirakına xüsusi önəm verilməsidir.
“BMT-nin Sivilizasiyalar Alyansının müxtəlif illərdə həyata keçirdiyi mentorluq proqramlarından və təlimlərindən faydalanmış 60-dan çox gənci Bakıya dəvət etmişik. Onlar burada öz təcrübələrini bölüşəcək, həmin proqramların şəxsi və peşəkar inkişaflarına necə təsir etdiyini təqdim edəcəklər”, – deyə o bildirib.
N.Saad vurğulayıb ki, forumun rəsmi açılışı oktyabrın 27-də baş tutsa da, müəyyən tədbirlər artıq başlayır. Onun sözlərinə görə, bu təşəbbüslər gənclərin mədəniyyətlərarası dialoq prosesində iştirakının genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
