Kimlərin pensiyalarına əlavələr ediləcək? - Məbləğ açıqlandı

Cəmiyyət Xəbər 26 Oktyabr 2026 11:30 (UTC +04:00)
Kimlərin pensiyalarına əlavələr ediləcək? - Məbləğ açıqlandı
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bir sıra sabiq yüksək vəzifəli şəxslərin, dövlət qulluqçularının, keçmiş deputatların, diplomatik xidmət əməkdaşlarının və hərbi qulluqçuların əmək pensiyalarına aylıq sabit məbləğdə əlavə ödənilməsi nəzərdə tutulur.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda aylıq pensiya əlavəsi mexanizminə keçilir. Dəyişikliklər Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Onun sözlərinə görə, aylıq sabit əlavə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş müəyyən kateqoriyadan olan əmək pensiyaçılarına şamil ediləcək.

V.Bayramov qeyd edib ki, sabit pensiya əlavəsi azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, baş nazirə və baş nazirin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının baş nazirinə və onun müavinlərinə, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinə və müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə, eləcə də Naxçıvan Muxtar Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə aid olacaq.

Əlavənin şamil ediləcəyi şəxslər sırasına yerli icra hakimiyyəti başçıları, Media və Yayım Şurasının, habelə 2023-cü il dekabrın 27-dək mövcud olmuş Naxçıvan Televiziya və Radio Şurasının üzvləri də daxildir.

Deputatın açıqlamasına görə, sabit əlavə sabiq dövlət qulluqçularına, deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara, Hesablama Palatasının üzvü kimi eyni şərtlə sığorta stajı toplamış sabiq üzvlərə də şamil ediləcək.

Bundan başqa, insan hüquqları üzrə müvəkkil və Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifələrində azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq ombudsmanlar, eləcə də 2026-cı il aprelin 10-dək mövcud olmuş Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili bu kateqoriyaya daxil ediləcək.

Sabit pensiya əlavəsi Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq üzvlərə də aid olacaq. Həmçinin diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşları, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçuları bu mexanizmdən yararlana biləcəklər.

“Pensiya əlavəsinin tətbiq ediləcəyi şəxslərin siyahısı kifayət qədər genişdir. Pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiyaları yeni qaydalar əsasında təyin ediləcək”, – deyə deputat vurğulayıb.

V.Bayramov əlavə edib ki, aylıq sabit pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunacaq və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qanuna edilən dəyişikliklər təsdiqlənəcəyi təqdirdə, aylıq əlavəni təyin edəcək qurum da müvafiq fərmanla müəyyənləşdiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti