Bakıda ağacın kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb

Cəmiyyət Press-reliz 26 Oktyabr 2026 11:31 (UTC +04:00)
Bakıda ağacın kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunda ağacın kəsilməsi zamanı aqrotexniki qaydaların pozulmasına görə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı vəzifəsindən azad edilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonunun 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə təxminən 10 hektarlıq parkın salınması nəzərdə tutulur və layihə çərçivəsində hazırlıq işlərinə başlanılıb.

Əraziyə ilkin baxış zamanı əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağacları arasında qəzalı vəziyyətdə olan nümunələr müəyyən edilib. Məlumata görə, bu ağacların zəif kök sistemi onların aşma riskini artırır və insanların təhlükəsizliyi üçün təhlükə yarada bilər.

Layihə çərçivəsində qəzalı ağacların götürülməsi, ərazidə geniş yaşıllıq sahəsinə malik parkın salınması, yeraltı avtomobil dayanacağının tikilməsi və çoxsaylı yeni ağacların əkilməsi planlaşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşının bir ağacın kəsilməsi zamanı aqrotexniki qaydalara əməl etmədiyi aşkarlanıb. Ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olması belə, onun kəsilməsi zamanı müəyyən edilmiş tələblərə riayət olunması zərurətini aradan qaldırmır.

Aşkarlanmış nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb, qayda pozuntusuna yol verən əməkdaş isə tutduğu vəzifədən azad edilib.

Bundan əlavə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına sakinlər arasında maarifləndirmə işlərinin aparılması, park layihəsinin məqsədi və qəzalı ağacların yarada biləcəyi risklər barədə ətraflı məlumat verilməsi tapşırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti