Bakı.Trend:
Türkiyənin Daxili İşlər Nazirliyi sentyabrın 23-dən oktyabrın 23-dək beynəlxalq səviyyədə qırmızı bülletenlə axtarılan 33, milli səviyyədə axtarılan 30 nəfər olmaqla, ümumilikdə 63 cinayətkarın 8 ölkədən Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.
"Haber7" məlumatına görə, cinayətkarlar Gürcüstan, Almaniya, Yunanıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Şimali Kipr Türk Respublikası və Monteneqrodan Türkiyəyə gətirilib.
Saxlanılan şəxslərin 49-u Gürcüstanda, 5-i Almaniyada, 3-ü Yunanıstanda, 2-si isə Qırğızıstanda tutulub.
Əməliyyatlar Türkiyənin hüquq-mühafizə orqanlarının və Ədliyyə Nazirliyinin müvafiq qurumlarının, eləcə də adıçəkilən ölkələrin hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilib.
Nazirlik mütəşəkkil cinayətkar dəstə üzvlərinin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq Türkiyəyə gətirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.
