Bakı. Trend:
Oktyabrın 25-də Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında yarışan Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədilə aksiya keçirilib.
Trend-in aksiya yerində olan müxbirinin xəbərinə görə, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından gələn azarkeşlər Atletlər Kəndinin qarşısında bir araya gələrək yarışlara yollanan gənc futbolçulara dəstək ifadə ediblər.
Azarkeşlər komandalarına ruh yüksəkliyi verməklə yanaşı, öz xalqlarının milli kimliyinə, mədəni irsinə və ənənələrinə bağlılıqlarını da nümayiş etdiriblər.
Aksiya çərçivəsində Sakit okean xalqları arasında həmrəyliyin, eləcə də gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu daha əvvəl Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarının Azərbaycana gəlməsini alqışlayıb, futbolun xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və mədəni əlaqələrin genişlənməsinə töhfə verdiyini bildirib.
Xatırladaq ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 futbol assosiasiyasının komandaları iştirak edir.
