Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp cümə günü Kanada istehsalı olan bəzi məhsullara tətbiq edilən əlavə 50 faizlik gömrük rüsumlarının əhatə dairəsini dəyişdirən sərəncam imzalayıb. Dəyişikliklər çərçivəsində bəzi mallar rüsum siyahısından çıxarılıb, digərləri isə siyahıya daxil edilib. Yeni qaydalar oktyabrın 30-dan qüvvəyə minəcək.
Ağ Evin rəsmi saytında dərc olunan sərəncama əsasən, Kanadadan ABŞ-yə idxal edilən faner lövhələr, bəzi kağız məhsulları, müəyyən növ maşın və soyuducu avadanlıqlar, eləcə də bəzi qablaşdırma yeşikləri və qutuları əlavə 50 faizlik advalor gömrük rüsumundan azad ediləcək.
Bunun əvəzinə, müəyyən növ klapanlar, xalçalar, tullantı məhsulları və digər mallar əlavə 50 faizlik advalor gömrük rüsumuna cəlb olunacaq.
Sərəncama görə, dəyişikliklər oktyabrın 30-dan etibarən istehlak üçün idxal edilən və ya anbarlardan istehlak məqsədilə çıxarılan mallara şamil olunacaq.
Sərəncamda qeyd olunur ki, bu dəyişikliklər ABŞ ticarətinə düşən yükü və ya onun üzləşdiyi əlverişsiz vəziyyəti aradan qaldıracaq, ictimai maraqlara və ABŞ-nin maraqlarına uyğun olacaq, ictimai maraqlar baxımından zəruri hesab edilir və ictimai maraqlara daha yaxşı xidmət edəcək.
Sənəddə rüsumların tətbiqi Kanadanın ABŞ-dən avtomobil və avtomobil hissələrinin ixracına qarşı yol verdiyi, Vaşinqtonun fikrincə, “ayrı-seçkilik və ya əsassız, qeyri-bərabər məhdudiyyətlər” ilə əsaslandırılır.
Tramp avqustun 22-də Kanadadan idxal olunan təxminən 20 milyard dollar dəyərində məhsula 50 faizlik gömrük rüsumları tətbiq edib. Buna cavab olaraq Kanada da ABŞ-dən eyni dəyərdə idxal olunan mallara rüsumlar tətbiq edib. Bu tədbirlər sentyabrın 8-də qüvvəyə minib.
