Bakı. Trend:
Azərbaycanda davam edən mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik, daha güclü tərəfdaşlıq və humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin artırılmasını tələb edir.
Bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov BMT Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində adi silahlarla bağlı tematik müzakirələr zamanı deyib.
Diplomat bildirib ki, Azərbaycan mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisində təxminən 1,5 milyon mina və sayı məlum olmayan partlamamış hərbi sursat mövcuddur.
“Son 30 ildə 3500-dən çox insan mina və müharibənin partlayıcı qalıqlarının qurbanı olub. Təkcə 2020-ci ilin noyabrından bəri 443 Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar həlak olub və ya yaralanıb. Bu rəqəm artmaqda davam edir”, – deyə Məqsəd Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, minaların yaşayış ərazilərində, qəbiristanlıqlarda, mədəniyyət obyektlərində və digər yerlərdə geniş şəkildə yerləşdirilməsi onların aşkarlanmasını və təmizlənməsini xüsusilə çətinləşdirir.
“Mina təhlükəsi insan həyatı üçün birbaşa risk yaratmaqla yanaşı, yenidənqurma və bərpa işlərini ləngidir, kənd təsərrüfatı torpaqlarından istifadəni məhdudlaşdırır və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına mane olur”, – deyə diplomat qeyd edib.
Məqsəd Hüseynov vurğulayıb ki, mina yerləşdirən dövlətlər onların yerini qeydə almaq, aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra isə həmin minaları təmizləmək və ya mülki şəxslər üçün təhlükəsiz vəziyyətə gətirmək öhdəliyi daşıyırlar.
Diplomat Azərbaycanın BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına tərəf dövlətlərin 19-cu konfransında 19 ölkə adından bəyanatla çıxış etdiyini də xatırladıb. Həmin bəyanatda münaqişə və postmünaqişə dövrlərində mina və partlayıcı qurğulardan zərər çəkən əlilliyi olan şəxslərin hüquqlarının qorunmasının vacibliyi diqqətə çatdırılıb.
Çıxışda, həmçinin bildirilib ki, Azərbaycan ərazilərinin təxminən 30 il işğal altında qalması silah və sursatın qanunsuz dövriyyəsi üçün şərait yaradıb. Ölkə öz suverenliyini bərpa etdikdən sonra həmin ərazilərdə sərhəd nəzarətini gücləndirib və qanunsuz silah dövriyyəsi riskini azaldıb.
Məqsəd Hüseynov beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.