AMB ödəniş sistemlərində informasiya təhlükəsizliyi tələblərinin gücləndirilməsini prioritet sayır

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 11:20 (UTC +04:00)
AMB ödəniş sistemlərində informasiya təhlükəsizliyi tələblərinin gücləndirilməsini prioritet sayır
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ödəniş sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması, risklərin vaxtında aşkarlanması və əməliyyatların fasiləsiz monitorinqi prioritet istiqamətlərdəndir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin direktoru Əfqan Abbasov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, ödəniş xidmətlərindən istifadənin genişlənməsi həm Azərbaycanda, həm də dünyada bu sahədə əməliyyatların artmasına səbəb olur. Bu artım həm qurumlararası hesablaşmalarda, həm də vətəndaşların gündəlik həyata keçirdiyi ödənişlərdə müşahidə edilir.

Ə.Abbasovun sözlərinə görə, Mərkəzi Bank tərəfindən maliyyə bazarlarına nəzarət çərçivəsində informasiya təhlükəsizliyi üzrə tələblər müəyyənləşdirilib. Bu tələblərin minimum səviyyədə təmin olunması maliyyə sektoru üçün prioritet olmalıdır.

O qeyd edib ki, ödəniş sistemlərinin iştirakçıları əməliyyatlar zamanı yarana biləcək risklərin qarşısının alınması və aşkarlanması üçün müvafiq nəzarət mexanizmləri tətbiq etməli, onları mütəmadi təkmilləşdirməli və monitorinq aparmalıdırlar.

“Əvvəllər bu proseslər əsasən oflayn rejimdə həyata keçirilirdisə, indi monitorinqin onlayn və 24/7 rejimində aparılması çox vacibdir”, - deyə o vurğulayıb.

Departament direktorunun sözlərinə görə, müvafiq təlimatlarda informasiya təhlükəsizliyi ilə bağlı tələblər müəyyən edilib və maliyyə sektoru iştirakçılarının həmin tələblərin minimum səviyyədə təmin olunmasına xüsusi diqqət yetirməsi vacibdir.

O əlavə edib ki, bu yanaşma ödəniş sistemlərinin təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsinə, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və ödənişlərin fasiləsiz həyata keçirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti