Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Mərkəzin qabaqcıl ASAN təcrübəsi və innovativ təlim metodları vasitəsilə dövlət və özəl sektorda kadrların peşəkarlığının artırılmasına töhfə verdiyini vurğulayıb.
Mərkəzin rəhbəri Aysel Cəbrayılova fəaliyyətin nəticələri, əməkdaşlıq əlaqələri və inkişaf prioritetləri barədə təqdimatla çıxış edib. Tərəfdaş qurumların nümayəndələri isə AİİM-lə əməkdaşlığın əhəmiyyətindən və peşəkar inkişaf istiqamətində birgə fəaliyyətin rolundan danışıblar.
Bildirilib ki, Mərkəzin əsas məqsədi “ASAN xidmət”də formalaşmış peşəkarlıq, yüksək xidmət keyfiyyəti, şəffaflıq və vətəndaşyönümlü idarəetmə prinsiplərinin insan kapitalının inkişafı üçün dövlət və özəl sektorda sistemli tətbiqidir. “ASAN xidmət” brendinin ixrac olunduğu ölkələrdə də bu model əsasında xidmətin təşkili, vətəndaş məmnunluğu və yumşaq bacarıqların inkişafı üzrə təlimlər keçirilir.
Ötən dövrdə 350-dən çox şirkət, qurum və təşkilatla əməkdaşlıq çərçivəsində 35 mindən çox işgüzar şəxs üçün 850-dən çox tədbir təşkil olunub. Tədbirlər 150-dən çox mövzunu əhatə edib. Təlimlərdə “Points of You”, “LEGO® Serious Play®”, “Boyatzis”, “Body Game”, “Art terapiya” və “Vision Board” olmaqla altı innovativ metoddan istifadə edilib. Təlimlər üzrə məmnunluq göstəricisi 96,4 faiz təşkil edib.
Tədbir çərçivəsində “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlığın davam etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
Sonda təlimçilərə və tərəfdaş qurumlara təşəkkürnamələr təqdim olunub.
