Fransa iğtişaşlarında 3 minə yaxın dükan talan edilib

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 12:19 (UTC +04:00)
Fransa iğtişaşlarında 3 minə yaxın dükan talan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransada talan və iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları zamanı qarətçilər təxminən 3 min dükanı talan ediblər.

Bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen "Europe 1" radiosunun efirində məlumat verib.

“Düşünürəm ki, 3 min dükan talan edildikdə sahibkarlar dövlətin öz vəzifəsinin öhdəsindən gəlmədiyini söyləməkdə haqlıdırlar. Aydındır ki, həmin gecə təhlükəsizlik təmin olunmayıb. Daxili işlər nazirinin özü də bunu etiraf edib. Fövqəladə vəziyyət elan etməyimizə ehtiyac yoxdur. Bir neçə min hüquqpozucu və ictimai asayişi pozan şəxs olduğuna görə bütün fransızları şəxsi azadlıqlarından məhrum etməyimizə ehtiyac yoxdur”, – deyə nazir bildirib.

Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, nümayişçilərin sayı 550 min nəfər olub. Bu göstərici hüquq-mühafizə orqanlarının analitiklərinin proqnozlarını iki dəfə üstələyib.

Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunyes iğtişaşlarda və qarətlərdə iştirak edən hər kəsin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdiriləcəyini vəd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti