Süni intellekt agentləri maliyyə əməliyyatlarının risk təhlilini saniyələr ərzində apara bilər - "Formica AI"

İqtisadiyyat Xəbər 20 Oktyabr 2026 11:13 (UTC +04:00)
Süni intellekt agentləri maliyyə əməliyyatlarının risk təhlilini saniyələr ərzində apara bilər - "Formica AI"
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt agentləri maliyyə əməliyyatlarının risklərinin təhlilini sürətləndirərək komplayens və risklərin idarə edilməsi üzrə mütəxəssislərin işinə sərf olunan vaxta qənaət etməyə imkan verir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Formica AI” şirkətinin idarəedici partnyoru və təsisçisi Özgür Oktan çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.

O bildirib ki, generativ süni intellektin və böyük dil modellərinin (LLM) inkişafı bu texnologiyaların gündəlik həyata, eləcə də biznes proseslərinə təsirini əhəmiyyətli dərəcədə artırıb.

Ö. Oktanın sözlərinə görə, əvvəllər süni intellekt əsasən statistik və riyazi modellər, proqnozlaşdırma və müxtəlif göstəricilərin təhlili ilə əlaqələndirilirdisə, böyük dil modellərinin inkişafı sistemlərin istifadəçi sorğularına uyğun cavablar hazırlamaq imkanlarını genişləndirib.

“Son bir ildə böyük dil modellərinin həyatımıza daxil olması süni intellektin hər kəsə toxunmasının əsas səbəblərindən biridir”, - deyə o qeyd edib.

Şirkət nümayəndəsi bildirib ki, “Formica AI” generativ süni intellekt texnologiyalarından istifadə edir və Özbəkistan, Qırğızıstan və Böyük Britaniyada 70-dən çox müştəriyə xidmət göstərir. Şirkət vahid tətbiq vasitəsilə müştərilərinə risklərin və dələduzluq hallarının idarə edilməsi, komplayens tələblərinə riayət olunması, eləcə də müştərilərin risk səviyyəsinin qiymətləndirilməsi istiqamətlərində dəstək verir.

O, süni intellekt agentlərinin imkanlarına da toxunub. Bildirib ki, bu agentlər müəyyən tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilən proqram təminatı sistemləridir. Onlar alış-veriş, ödənişlərin həyata keçirilməsi və restoranlarda rezervasiyaların aparılması kimi gündəlik prosesləri avtomatlaşdıra bilər.

Ö.Oktan qeyd edib ki, süni intellekt agentlərinin risklərin idarə edilməsi və GRC sahəsində tətbiqi də getdikcə genişlənir. Bu texnologiyalar əməkdaşların iş yükünü azaltmaqla yanaşı, məlumatların daha sürətli təhlilinə şərait yaradır.

“Bu agentlərin ən böyük faydası komplayens və risklərin idarə edilməsi üzrə mütəxəssislərə vaxt qazandırmasıdır. Məqsəd onların əvəzinə qərar vermək deyil, əməkdaşların daha səmərəli işləməsinə imkan yaratmaqdır”, - deyə o vurğulayıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, süni intellekt agentləri bir neçə tapşırığı müxtəlif agentlər arasında bölüşdürərək koordinasiyalı şəkildə yerinə yetirə bilər. Bu isə mürəkkəb əməliyyatların təhlilini sürətləndirir.

O bildirib ki, adi şəraitdə bir maliyyə əməliyyatının əl ilə nəzərdən keçirilməsi və əvvəlki əməliyyatlarla müqayisəsi 15–20 dəqiqə çəkə bilər. Süni intellekt agenti isə həmin əməliyyatı 5–10 saniyə ərzində təhlil edərək onun uyğun və ya riskli ola biləcəyinə dair ilkin qiymətləndirmə təqdim edə bilər.

Ö.Oktan əlavə edib ki, bu cür texnologiyaların tətbiqi risklərin daha operativ müəyyənləşdirilməsinə, komplayens proseslərinin avtomatlaşdırılmasına və mütəxəssislərin daha mürəkkəb məsələlərə diqqət ayırmasına imkan yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti