Bakı. Trend:
Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə bu gün bir sıra rayon elektrik şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Ağdaşda 10 kV-luq "Ərəbocağı" və 2 saylı şəhər hava xətlərində görüləcək təmir işləri zamanı şəhər ərazisində Cəfər Cabbarlı, İmadəddin Nəsimi, M.Əfəndiyev, Molla Pənah Vaqif küçələri, Su-18 yaşayış massivi və rayonun Ərəbocağı kəndinin bir hissəsində saat 10:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçayın Alıkənd, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mırtı, Yalman kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək 10 kV-luq hava xəttinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqəsində (KTM) icra ediləcək təmir işləri ilə əlaqədar enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Yevlaxda 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq bəzi fiderlərdə təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 10:00-dan 15:00-dək Aşağı Salamabad, Bəydili, Əcəmi, Əkşəm, Gülövşə, Hacıselli, Havarlı, Marzılı, Yuxarı Salamabad kəndlərini əhatə edəcək.
Bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Rahib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev, Zərgərpalan küçələri, həmçinin Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına hesablanıb.