“MJ Finance BOKT” ASC-nin vəzifəli şəxsi 2 min manat cərimələnib

İqtisadiyyat Press-reliz 19 Oktyabr 2026 11:36 (UTC +04:00)
“MJ Finance BOKT” ASC-nin vəzifəli şəxsi 2 min manat cərimələnib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı nəzarət tədbirləri çərçivəsində “MJ Finance BOKT” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vəzifəli şəxs cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə 2 min manat məbləğində cərimələnib.

Qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən qəbul edilib.

AMB-nin məlumatına görə, pozuntu Mərkəzi Bankın cari nəzarət prosesləri çərçivəsində müəyyən edilib.

Hazırda AMB-nin reyestrində 50-dən çox lisenziyalı BOKT fəaliyyət göstərir. Onların arasında “Aqrarkredit” QSC BOKT, “PARA” BOKT ASC, “FİNCA Azerbaijan” QBKT, “KredAqro” BOKT MMC, “FinEx Kredit” BOKT ASC, “AzFinans” BOKT MMC, “İrşad BOKT” MMC, “AZPUL” BOKT MMC və “Nova Credit BOKT” MMC də yer alır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”na əsasən, 2026-cı ilin birinci yarısında Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 23 faiz artaraq 1,53 milyard manata çatıb.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən BOKT-ların sayı 52, kredit ittifaqlarının sayı isə 35 olub. Beləliklə, qeyri-bank kredit təşkilatlarının ümumi sayı 87-yə çatıb. BOKT-ların maliyyə sisteminin aktivlərindəki payı 2,4 faiz təşkil edib. İlk altı ayda iki BOKT-un lisenziyası ləğv edilib.

Hesabat dövründə BOKT-ların xalis kredit portfeli 23 faiz və ya 213 milyon manat artıb. Təşkilatların ümumi öhdəlikləri isə 23,5 faiz və ya 159,4 milyon manat artaraq 838,7 milyon manata çatıb. Öhdəliklərin artmasına təsir edən əsas amillərdən biri rezident maliyyə institutlarından cəlb edilən vəsaitlər olub.

2026-cı ilin ilk yarısında BOKT-ların ümumi kredit portfeli 26 faiz və ya 272 milyon manat artaraq 1,3 milyard manat təşkil edib. Kredit portfelində əsas pay istehlak kreditlərinin payına düşüb. Belə ki, istehlak kreditləri 40 faiz və ya 292 milyon manat artaraq 1,02 milyard manata çatıb.

Bunun əksinə olaraq, ipoteka kreditləri 5,4 faiz və ya 2,7 milyon manat, biznes kreditləri isə 6,5 faiz və ya 17,4 milyon manat azalıb. Dövrün sonuna kredit portfelinin 77,5 faizini istehlak, 18,8 faizini biznes, 3,6 faizini isə ipoteka kreditləri təşkil edib.

Biznes kreditləri portfelində ən böyük pay ticarət sahəsinə məxsus olub. Bu sahəyə verilən kreditlər 84 milyon manat olmaqla portfelin 33,9 faizini təşkil edib. Kənd təsərrüfatının payı 22,5 faiz və ya 56 milyon manat, digər qeyri-istehsal və xidmət sahələrinin payı 20,4 faiz və ya 51 milyon manat, nəqliyyat sahəsinin payı isə 18,5 faiz və ya 46 milyon manat olub. Digər sahələrə verilən kreditlərin həcmi 12 milyon manat təşkil edib.

Hesabatda qeyd olunub ki, 2026-cı ilin ilk yarısında BOKT sektorunda qeyri-işlək kreditlərin həcmi ötən ilin sonu ilə müqayisədə 46 faiz artaraq 158,6 milyon manata çatıb. Qeyri-işlək kreditlərin ümumi kredit portfelindəki payı 1,7 faiz bəndi yüksələrək 12 faiz olub. İstehlak kreditləri üzrə qeyri-işlək kreditlərin əmsalı 0,5 faiz bəndi artaraq 13,2 faizə, biznes kreditləri üzrə isə 3,6 faiz bəndi yüksələrək 9,7 faizə çatıb.

BOKT sektorunun maliyyə nəticələri də yaxşılaşıb. 2026-cı ilin birinci yarısında sektorun xalis mənfəəti 121,1 milyon manat təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə 13,2 milyon manat xalis zərər qeydə alınmışdı. Mənfəətin artımına faiz və qeyri-faiz gəlirlərinin yüksəlməsi, eləcə də qeyri-faiz xərclərinin azalması təsir göstərib.

Dövr ərzində sektor üzrə aktivlərin gəlirliliyi (ROA) 17,5 faiz, kapitalın gəlirliliyi (ROE) isə 38,6 faiz olub.

Eyni zamanda, BOKT-ların balans kapitalı altı ay ərzində 22 faiz və ya 125,3 milyon manat artaraq 690 milyon manata çatıb. Bölüşdürülməmiş mənfəətin 79 milyon manat, nizamnamə kapitalının isə 48 milyon manat artması sektorun kapitallaşmasının yüksəlməsinə töhfə verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti