Enerji keçidi dünyada ev təsərrüfatlarının real gəlirlərini 1,6 faiz artmasına təkan verə bilər

İqtisadiyyat Xəbər 17 Oktyabr 2026 17:28 (UTC +04:00)
Enerji keçidi dünyada ev təsərrüfatlarının real gəlirlərini 1,6 faiz artmasına təkan verə bilər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Sürətləndirilmiş enerji keçidi şəraitində 2050-ci ilədək dünyada ev təsərrüfatlarının real gəlirləri mövcud siyasətin davam etdirilməsi ssenarisində nəzərdə tutulan səviyyədən təxminən 1,6 faiz yüksək ola bilər.

Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) saytında dərc olunan “Qlobal Enerji Keçidinə Baxış – 2026” hesabatında bildirilib.

Qeyd olunur ki, prosesin ilkin mərhələsində ev təsərrüfatları əlavə maliyyə təzyiqi ilə üzləşə bilər.

Hesabata əsasən, enerji sisteminin daha dərin transformasiyasını nəzərdə tutan ssenari (DES) çərçivəsində keçidin ilk illərində ev təsərrüfatlarının real gəlirləri mövcud siyasətin davam etdirildiyi ssenari (PES) ilə müqayisədə daha aşağı olacaq. “Əhəmiyyətli yaxşılaşmanın 2030–2035-ci illərdən sonra baş verəcəyi, 2050-ci ilədək isə göstəricinin PES ssenarisindəki səviyyəni təxminən 1,6 faiz üstələyəcəyi gözlənilir”, – deyə hesabatda qeyd olunur.

IRENA-nın qiymətləndirməsinə görə, gəlirlərə ilkin təzyiq, xüsusilə, böyük həcmli ilkin investisiyalara ehtiyac, enerji qiymətlərində dəyişikliklər, karbon qiymətqoymasının tətbiqi və qalıq yanacaqlara subsidiyaların islahatı ilə əlaqəli olacaq.

“Uzunmüddətli perspektivdə bu amillərin təsiri texnologiyaların inkişafı, enerji səmərəliliyinin yüksəldilməsi, elektrik enerjisinin ucuzlaşması, yeni iş yerlərinin yaranması və məhsuldarlığın artması hesabına kompensasiya olunacaq.

Ev təsərrüfatlarının rifahının təhlili həmçinin göstərir ki, sürətləndirilmiş dekarbonizasiyanın ilkin mərhələsində enerji sektoru ümumi inflyasiyaya daha böyük töhfə verəcək. Orta müddətli perspektivdə isə vəziyyət dəyişəcək: ev təsərrüfatları qalıq yanacaq qiymətlərindəki dalğalanmalardan asılılığın azalması və bərpaolunan enerji mənbələri əsasında elektrikləşmənin səmərəliliyinin yüksəlməsindən faydalanacaqlar.

Nəticədə zaman keçdikcə ev təsərrüfatları üçün enerji resurslarının əlçatanlığı yaxşılaşacaq”, – deyə IRENA bildirir.

Bununla yanaşı, IRENA xəbərdarlıq edir ki, düzgün planlaşdırılmayan və ya vaxtında həyata keçirilməyən tədbirlər yaşayış xərclərinə artıq mövcud olan təzyiqi daha da artıra, cəmiyyətin enerji keçidinə dəstəyini azalda və bu prosesin həyata keçirilməsini ləngidə bilər.

“Bu baxımdan agentlik enerjinin əlçatanlığının təmin edilməsi üçün hədəfli tədbirlərin görülməsini, proqressiv vergi-büdcə siyasətinin həyata keçirilməsini, qiymət islahatlarının mərhələli şəkildə aparılmasını və sosial müdafiənin genişləndirilməsini zəruri hesab edir.

Enerji sektorundakı struktur dəyişikliklərindən təsirlənən işçilərə dəstək göstərilməsi və ənənəvi enerji sahələrində fəaliyyətin azalmasından zərər çəkə biləcək icmalara investisiya yatırılması da xüsusi əhəmiyyət daşıyır”, – deyə IRENA bildirir.

Hesabata əsasən, əsas vəzifə təkcə enerji keçidinin ümumi iqtisadi faydalarını təmin etmək deyil, həm də xərclərin nə zaman yaranacağını, müxtəlif əhali qrupları arasında yükün necə bölüşdürüləcəyini və ev təsərrüfatlarının yeni iqtisadi imkanlarda iştirak etməsi üçün şəraitin necə yaradılacağını müəyyən etməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti