Bakı.Trend:
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində, Oman körfəzində yanan neft tankeri aşkarlayıb.
"Tasnim" xəbər agentliyi bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin Mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Bir neçə saat əvvəl İran ordusunun Hərbi Dəniz Qüvvələrinin müşahidə qrupları Hörmüz boğazının şərq hissəsinə fasiləsiz nəzarət həyata keçirərkən, qadağan olunmuş ərazidə qaydaları pozan, göyərtəsində yanğının baş verdiyi tankeri aşkar edib və müəyyənləşdirib”, — deyə Tasnim agentliyinin yaydığı məlumatda bildirilir.
İran hərbçilərinin iddiasına görə, gəmi “izləmə sistemlərini söndürüb və Oman körfəzində qadağan olunmuş ərazidən keçməyə cəhd edib”. İran Hərbi Dəniz Qüvvələri vurğulayıb ki, qadağan edilmiş marşrutlar və ərazilər üzrə razılaşdırılmamış hərəkət digər gəmilərin təhlükəsizliyinə təhdid yaradır.
Məlumatda tankerin adı, hansı bayraq altında üzdüyü və yanğının başvermə səbəbləri açıqlanmayıb.
