Bakı. Trend:
Pas-de-Kale prefekturasının məlumatına görə, oktyabrın 15-də axşam saatlarında La-Manş tunelinin Fransa tərəfində, mikroavtobus nəqliyyat vasitələrinin yüklənməsi üçün nəzərdə tutulmuş platformada dayanmış yük qatarına çırpılıb. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb.
Mikroavtobusda "LeShuttle" dəmir yolu servisinin vaqonlarına minməyə hazırlaşan ağır yük avtomobillərinin sürücüləri olub. Bu servis nəqliyyat vasitələrini və onların sərnişinlərini tunel vasitəsilə daşıyır. Prefekturanın məlumatına görə, “xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur”.
Saat 19:30 radələrində baş verən qəza Eurostar sərnişin qatarlarının və tuneldən istifadə edən yük qatarlarının hərəkətinə təsir göstərməyib. Lakin "Shuttle" servisinin fəaliyyəti bir saat yarım müddətinə dayandırılıb.
Kaley subprefekti Aqata Kürinin sözlərinə görə, müxtəlif ölkələrin vətəndaşları olan 19 xəsarət alan arasında Eurotunnel şirkətinin əməkdaşı olan mikroavtobus sürücüsü də var. Onlardan ikisinin təcili tibbi yardım məqsədilə Lill şəhərindəki xəstəxanaya çatdırılması lazım gəlib.
Hadisə yerində təcili tibbi yardım və reanimasiya üzrə mobil xidmətin helikopteri, yanğınsöndürənlər və sərhəd polisi də daxil olmaqla, xilasedici qüvvələr, eləcə də Eurotunnel şirkətinin yüzə yaxın əməkdaşı olub.
Məlumata görə, ehtiyatsızlıq nəticəsində xəsarət yetirilməsi faktı üzrə istintaq başladılıb.
Ümumi uzunluğu 50,5 kilometr olan La-Manş tuneli dünyada bu növün ən uzun infrastruktur obyektidir. O, 1994-cü ildən etibarən Pas-de-Kale departamentində yerləşən Kokel şəhərini Böyük Britaniyanın Folkston şəhəri ilə birləşdirir.
Getlink şirkətinin istismar etdiyi tuneldən hər gün yüzlərlə qatar keçir. Şirkət Fransa ilə Böyük Britaniya arasında nəqliyyat vasitələrini daşıyan "LeShuttle" servisinin, eləcə də dəmir yolu ilə yükdaşıma xidmətinin operatorudur.
Bununla yanaşı, hazırda La-Manş tuneli vasitəsilə sərnişin dəmir yolu daşımalarını həyata keçirən yeganə operator Eurostar şirkətidir. Eurostar yaydığı bəyanatda baş verən qəzada “heç bir Eurostar qatarının iştirak etmədiyini və hadisənin Londona gedən və Londondan gələn Eurostar qatarlarının hərəkətinə heç bir təsir göstərmədiyini” bildirib.