Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Siyasət Xəbər 15 Oktyabr 2026 12:35 (UTC +04:00)
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub.

Dövlətimizin başçısı 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqlarını bildirərək deyib ki, beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. Vətən müharibəsinin 44 gün davam etdiyi vurğulayan Prezident bildirib ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.

Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) Yeddinci Sammiti keçirilir.

İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.

Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv dövlətlərin, müşahidəçi dövlətlərin, müşahidəçi təşkilatların və tərəfdaş qurumların nümayəndə heyətləri iştirak edirlər.

Sammit beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olunan mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət təşkil edir.

Laosun yeni üzv qismində AQEM-ə qəbul edilməsi sammitin ən əlamətdar nəticələrindən biri hesab olunur. Tədbir AQEM çərçivəsində fəaliyyətin təşviqi və ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində sənədlərin qəbulu ilə əlamətdar olacaq.

Sammitin ən mühüm siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulu gözlənilir. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi bütün dövlətlər tərəfindən təqdir edilir, iki il ərzində müxtəlif istiqamətlər üzrə irəli sürülmüş təşəbbüslər və keçirilmiş tədbirlər alqışlanır. Sənəddə həmçinin, beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi, ətraf mühit kimi sahələrdə risklərlə mübarizə yollarına dair konkret müddəalar öz əksini tapır. Bakı bəyannaməsində dözümlülük və sivilizasiyalar arası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin irəlilədilməsi, o cümlədən süni intellektin inkişafından qaynaqlanan imkan və risklərə xüsusi diqqət yetirilir.

Bakı bəyannaməsindən əlavə, sammitdə Əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda ayrıca bəyanatın da qəbulu nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti