Bu il “Aqrar Süni İntellekt” layihəsi üzrə 33 həllin işlək vəziyyətə gətirilməsi hədəflənir - Nazir müavini

İqtisadiyyat Xəbər 15 Oktyabr 2026 10:31 (UTC +04:00)
Bu il “Aqrar Süni İntellekt” layihəsi üzrə 33 həllin işlək vəziyyətə gətirilməsi hədəflənir - Nazir müavini
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“Aqrar Süni İntellekt” layihəsi çərçivəsində əsas məqsəd cari ildə 33 süni intellekt və rəqəmsal həllin işlək vəziyyətə gətirilməsidir.

Trend-in müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova cümə axşamı “Aqrar Süni İntellekt” layihəsinin icra vəziyyəti və aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.

“Ölkədə aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olan "Aqrar Süni İntellekt" layihəsi 2024-cü ildə fəaliyyətə başlayıb”, – deyə nazir müavini bildirib.

O qeyd edib ki, layihə kənd təsərrüfatında məlumatlara əsaslanan qərarvermə imkanlarının genişləndirilməsinə xidmət edir:

“Layihənin əsas məqsədi məhsuldarlığın artırılmasını dəstəkləmək, resurslardan səmərəli istifadəni təşviq etmək və dövlət dəstəyi mexanizmlərinin effektivliyini yüksəltməkdir. Layihə, həmçinin 2026–2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulan süni intellekt sisteminin yaradılması tədbirinin icrasına xidmət edir”.

İ.Qədimovanın sözlərinə görə, layihə çərçivəsində ümumilikdə 33 süni intellekt və rəqəmsal həllin hazırlanması nəzərdə tutulub:

“Bu həllər 12 proqram üzrə üç əsas istiqaməti əhatə edir. Məhsuldarlığın artırılması üzrə 7 proqram və 25 həll, subsidiyaların səmərəliliyinin artırılması üzrə 3 proqram və 5 həll, heyvandarlığın inkişafı üzrə isə 2 proqram və 3 həll nəzərdə tutulub. Əsas məqsəd cari ildə 33 həllin işlək vəziyyətə gətirilməsidir”.

Nazir müavini hazırlanan həllərin tətbiq sahələrindən də danışıb:

“İstiqamətlər üzrə bitki sağlamlığı, bitkilərin ərazi və iqlim şəraitinə uyğunluğu, suvarmanın idarə edilməsi, əkin sahələrinin monitorinqi, məhsuldarlığın müəyyənləşdirilməsi, torpaq və iqlim xəritələrinin hazırlanması, fermer reytinqi, istixanaların və heyvandarlıq təsərrüfatlarının xəritələşdirilməsi, otlaqların idarə edilməsi və digər sahələri əhatə edən həllər hazırlanır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti