Sosial şəbəkələr və süni intellektə alüdəçilik insanın idrak qabiliyyətinin zəifləməsinə səbəb ola bilər - Erol Gelenbe

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 14:32 (UTC +04:00)
Sosial şəbəkələr və süni intellektə alüdəçilik insanın idrak qabiliyyətinin zəifləməsinə səbəb ola bilər - Erol Gelenbe
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Sosial şəbəkələrdən və avtomatlaşdırılmış sistemlərdən həddindən artıq istifadə insanın idrak qabiliyyətlərinin zəifləməsinə səbəb ola, həmçinin istifadəçilərin davranışlarının kommersiya və digər məqsədlərlə manipulyasiya edilməsi üçün şərait yarada bilər.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu IEEE-nin üzvü, Polşa Elmlər Akademiyasının Nəzəri və Tətbiqi İnformatika İnstitutunun professoru Erol Gelenbe çərşənbə günü Bakıda İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə IEEE-nin 20-ci Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində deyib.

“Orta təhsil sahəsində PISA tədqiqatının nəticələri ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrin əksəriyyətində göstəricilərin əhəmiyyətli dərəcədə azaldığını ortaya qoyub. Bu, birbaşa sosial şəbəkələrin yayılması ilə bağlıdır: insanlar mürəkkəb məsələləri müstəqil həll etmək bacarıqlarını inkişaf etdirməyə və öyrənməyə kifayət qədər vaxt ayırmaq əvəzinə, internetdəki məlumatlara baxmağa vaxt sərf edirlər.

Avtomatlaşdırılmış sistemlərdən həddindən artıq asılılıq da insanın öz qabiliyyətlərini itirməsi riskini yaradır. Risk ondan ibarətdir ki, biz nə etməli olduğumuzu bizə göstərən avtomatlaşdırılmış sistemlərə güvəndikcə öz bacarıqlarımızı getdikcə daha çox itirəcəyik. Mən bunu əsas risk hesab edirəm”, – deyə E. Gelenbe qeyd edib.

O, həmçinin süni intellekt sistemləri vasitəsilə istifadəçilərin davranışlarının manipulyasiya edilməsi ehtimalına diqqət çəkib. Onun sözlərinə görə, süni intellekt sistemləri adlandırılan böyük proqram və aparat-proqram kompleksləri çoxsaylı parametrləri ehtiva edir və bu parametrlərin dəyişdirilməsi sistemlərin davranışına təsir göstərə bilər. Belə mexanizmlərdən məqsədli şəkildə istifadə edildikdə sistemlər insanlara kömək etmək əvəzinə, onlara təsir göstərə və davranışlarını manipulyasiya edə bilər.

“Bu, artıq son yeddi-səkkiz ildə baş verib. Həmin dövrdə "facebook" istifadəçilərin, xüsusilə də gənclərin reaksiyalarını adaptiv şəkildə dəyişdirmək və onlarda asılılıq formalaşdırmaq məqsədilə koqnitiv elmin məlum prinsiplərindən istifadə edib”, – deyə E. Gelenbe bildirib.

O vurğulayıb ki, əsas risklər həm texnologiyalardan həddindən artıq asılılıq səbəbindən insan qabiliyyətlərinin lazımi səviyyədə inkişaf etməməsi, həm də şirkətlərin və digər subyektlərin rəqəmsal sistemlərdən öz iqtisadi, siyasi və digər məqsədlərinə nail olmaq üçün istifadə edə bilməsi ilə bağlıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti