Bakı. Trend:
Azərbaycanda sistem əhəmiyyətli banklar üçün əlavə kapital buferi tələbinin tətbiqi həmin bankların maliyyə şoklarına qarşı dayanıqlılığını gücləndirməyə xidmət edir. Bununla belə, bu tələb kiçik və orta bankların daha riskli və ya daha həssas olması anlamına gəlmir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, sistem əhəmiyyətli banklar üçün əlavə kapital buferinin müəyyənləşdirilməsi tənzimləyici çərçivənin bir hissəsidir və məqsəd bu bankların üzləşə biləcəyi risklərin qarşılanması üçün əlavə maliyyə ehtiyatlarının yaradılmasını təmin etməkdir.
“Əlavə kapital buferinin məqsədi sistem əhəmiyyətli bankların həqiqətən də belə bir ehtiyaca malik olduğunu göstərməkdir. Bu tələbin mövcudluğu həmin bankların daha az həssas olmasına kömək edir. Lakin bu, kiçik bankların daha həssas və ya daha problemli olması demək deyil”, - deyə Ş.Mahmudzadə qeyd edib.
Onun sözlərinə görə, bankların maliyyə vəziyyətini və mümkün şoklara davamlılığını qiymətləndirmək üçün stress-testlər keçirilir. Bu təhlillər ayrı-ayrı bankların maliyyə göstəricilərinə mümkün təsirləri və bütövlükdə bank sisteminin dayanıqlılığını müəyyənləşdirməyə imkan verir.
AMB rəsmisi bildirib ki, stress-testlərin nəticələrinin gələn ilin əvvəlində açıqlanması nəzərdə tutulur. Bu nəticələr bankların kapital göstəricilərinin müxtəlif ssenarilər üzrə necə dəyişə biləcəyini qiymətləndirməyə imkan verəcək.
“Əvvəlki hesabatlarımızda da bank sisteminin kapital adekvatlığının orta göstəricisinin 17-18 faiz ətrafında olduğu, stress ssenariləri altında isə təxminən 14 faiz səviyyəsinə düşdüyü qeyd olunub. Bu göstəricilər bütövlükdə bank sisteminin dayanıqlılığını qiymətləndirmək baxımından əhəmiyyətlidir”, - deyə o bildirib.
Ş.Mahmudzadə vurğulayıb ki, ayrı-ayrı banklarda maliyyə çətinliklərinin yaranması avtomatik olaraq bütövlükdə maliyyə sabitliyinə təhdid demək deyil.
“Fərdi banklarda müəyyən problemlər yarana bilər. Bu, müxtəlif biznes qərarları, səhmdarların fəaliyyəti və risklərin idarə olunması ilə bağlı amillərdən qaynaqlana bilər. Bizim əsas məqsədimiz ayrı-ayrı banklarda yarana biləcək çətinliklərdən daha çox sistem xarakterli problemlərin qarşısını almaq və maliyyə sabitliyini qorumaqdır”, - deyə baş direktor qeyd edib.
O əlavə edib ki, sistem əhəmiyyətli banklar üçün əlavə kapital buferinin tətbiqi həmin maliyyə institutlarının sistemdəki roluna və potensial risklərin miqyasına uyğundur. Bu tələbin mövcudluğu kiçik və orta bankların daha problemli olması barədə nəticə çıxarmağa əsas vermir.
Ş.Mahmudzadənin sözlərinə görə, AMB bank sektorunda mümkün riskləri mütəmadi izləyir və maliyyə sabitliyinin qorunması üçün müvafiq tənzimləyici və nəzarət tədbirlərini davam etdirir.
