Bakı.Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankında strateji idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr təqdim edib.
Bu barədə Azərbaycanın Mərkəzi Bankının məlumatında bildirilib.
Qeyd olunub ki, BVF-nin texniki yardım missiyası çərçivəsində fondun ekspertləri Azərbaycan Mərkəzi Bankında səfərdə olublar.
“Missiya çərçivəsində Mərkəzi Bankda strateji planlaşdırma prosesinin təşkili, strateji risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risklərin idarə edilməsi üzrə qərar qəbul etmə mexanizmləri, eləcə də strategiyaların icrası və monitorinqi üzrə mövcud yanaşmalar nəzərdən keçirilib. Aparılan təhlillər və beynəlxalq təcrübə ilə müqayisəli müzakirələr əsasında qeyd olunan istiqamətlər üzrə təkmilləşdirmə imkanları müəyyənləşdirilib və müvafiq tövsiyələr təqdim edilib. Missiyanın yekununda Mərkəzi Bankın sədr müavinləri Gülər Paşayeva və Əli Əhmədovun, eləcə də bir sıra struktur bölmələrin direktorlarının iştirakı ilə BVF nümayəndə heyətinin görüşü keçirilib", - deyə məlumatda qeyd olunub.
Vurğulanıb ki, görüş zamanı missiyanın əsas müşahidələri və ilkin nəticələri təqdim olunub. İştirakçılar, həmçinin strateji idarəetmə və risklərin idarə edilməsi üzrə institusional yanaşmaların təkmilləşdirilməsi, strategiyaların icrasının səmərəliliyinin artırılması və monitorinqin gücləndirilməsi, eləcə də risklərin idarə edilməsi sisteminin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
