Qarabağda dörd böyük idman qurğusu tikilir - Nazir müavini

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 12:27 (UTC +04:00)
Qarabağda dörd böyük idman qurğusu tikilir - Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə gənclərin inkişafı və idmana cəlb olunması məqsədilə dörd böyük idman qurğusunun tikintisi həyata keçirilir. Ağdamda “İmarət” stadionu, Xankəndidə stadion, eləcə də Füzuli və Zəngilanda idman infrastrukturu yaradılır.

Trend-in tədbirdə iştirak edən müxbirinin xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Garabagh” sərgisində təşkil olunan “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ mövzusu dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, gənclərin bölgənin dirçəlişinə həsr olunan müzakirələrə cəlb edilməsi məntiqli yanaşmadır, çünki Qarabağın gələcək inkişafı bugünkü gənclərdən asılıdır.

Fərhad Hacıyev qeyd edib ki, Xankəndi hazırda əsl gənclər şəhərinə çevrilib. Əvvəllər bu status Mingəçevirə aid olsa da, bu gün Xankəndidə çoxsaylı tələbə və gənclərin olması xüsusi sevinc doğurur. Onun sözlərinə görə, Xankəndi və bütövlükdə Qarabağ yeni bahar dövrünü yaşayır.

Nazir müavini hər kəsi işğaldan azad edilmiş ərazilərə səfər etməyə çağırıb. O bildirib ki, həmin əraziləri ziyarət etmək insanlarda fərqli hisslər və böyük qürur yaradır.

Fərhad Hacıyev vurğulayıb ki, Gənclər və İdman Nazirliyi dövlətin müəyyən etdiyi tapşırıqlar çərçivəsində fəaliyyət göstərir, Prezidentin imzaladığı müvafiq fərman, sərəncam və proqramların icrası ilə məşğul olur. Bu baxımdan, 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetlərini müəyyən edən dövlət proqramının insan kapitalının inkişafına yönəlmiş hissəsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, məhz bu proqram çərçivəsində Xankəndidə və digər işğaldan azad edilmiş ərazilərdə çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərin bir hissəsi yerli əhalinin inteqrasiyasına xidmət edir. Nazirlik beynəlxalq tədbirlərin də mümkün qədər həmin ərazilərdə təşkilinə çalışır və təxminən hər üç beynəlxalq tədbirdən birinin işğaldan azad edilmiş ərazilərdə keçirilməsini hədəfləyir.

Fərhad Hacıyev xatırladıb ki, 2024-cü ildə Xankəndi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər paytaxtı statusunu alıb və həmin il şəhərdə bir neçə beynəlxalq tədbir təşkil olunub.

O bildirib ki, bu tədbirlərin təşkili zamanı könüllü kimi çalışan gənclərin əsasən yerli sakinlər arasından seçilməsinə çalışılır, iştirakçılar arasında isə Qarabağdan olan gənclərə üstünlük verilir. Bu yanaşma həm onların cəmiyyətə inteqrasiyasına, həm də şəxsi inkişafına imkan yaradır.

Nazir müavini qeyd edib ki, Gənclər və İdman Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də idmandır. İdman sağlamlığın və sağlam ruhun formalaşmasında mühüm rol oynayır. Hazırda işğaldan azad edilmiş ərazilərdə dörd böyük idman qurğusunun tikintisi aparılır.

Onun sözlərinə görə, Ağdamda tarixi “İmarət” stadionu inşa olunur, Xankəndidə isə stadionun yenilənməsi işləri yekunlaşmaq üzrədir. Fərhad Hacıyev xatırladıb ki, 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi stadionunda futbol oyunu keçirilib və Qarabağın Mərkəzi Ordu İdman Klubunun komandası da həmin qarşılaşmada iştirak edib. Hazırda stadion tamamilə yenilənir. Bununla yanaşı, Füzuli və Zəngilanda böyük idman komplekslərinin tikintisi həyata keçirilir.

“İnanıram ki, bu idman qurğuları fəaliyyətə başladıqdan sonra gənclərimiz onlardan fəal şəkildə yararlanacaqlar. Çünki sağlam bədəndə sağlam ruh olar”, – deyə nazir müavini bildirib.

Fərhad Hacıyev Qarabağda hazırda müxtəlif gənclər proqramlarının həyata keçirildiyini də diqqətə çatdırıb. O, Milli Məclisin deputatı Şahin Seyidzadənin Qarabağda yaşayan gənclər üçün xüsusi qrant proqramının yaradılması təklifini müsbət qiymətləndirib.

Nazir müavini bildirib ki, Şahin Seyidzadə və özü vaxtilə Gənclər Fondunda çalışarkən fiziki şəxslərə qrantların ayrılması proqramı həyata keçirilib və bu istiqamətdə fəaliyyət hazırda da davam etdirilir. Onun fikrincə, Qarabağ Dirçəliş Fondunun da belə təşəbbüslərdə iştirakı yerli gənclərin inteqrasiyası baxımından faydalı ola bilər. Gənclər və İdman Nazirliyi də bu prosesdə fəal iştirak etməyə hazırdır.

O, “Yüksəliş” müsabiqəsinin qaliblərinin Qarabağda fəaliyyət göstərməsinin əhəmiyyətini də vurğulayıb. Nazir müavininin sözlərinə görə, müsabiqənin bir neçə qalibi bölgədə çalışır və bu, onlar üçün qürur mənbəyidir.

Fərhad Hacıyev qeyd edib ki, beynəlxalq təşkilatlardan birində çalışan qaliblərdən biri hazırda Qarabağ Universitetinə keçib. Həmin şəxs Bakının mərkəzində yerləşən beynəlxalq təşkilatda fəaliyyət göstərdiyi halda, Qarabağ Universitetində dərs demək, təhsil fəaliyyəti ilə məşğul olmaq və proqram rəhbəri kimi çalışmaq qərarı verib.

Nazir müavini bunu “Yüksəliş” müsabiqəsinin düzgün seçim olduğunu göstərən nümunələrdən biri kimi qiymətləndirib. O bildirib ki, insanın dəyərləri yalnız maddi amillərlə ölçülmür, mənəvi dəyərlər də mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, müxtəlif nümayəndəliklərdə təmsil olunan iştirakçılar fəal şəkildə dəstək göstərirlər. “Yüksəliş” komandası müsabiqə qalibləri ilə bir neçə dəfə Qarabağa səfər edib və bölgədə layihələr həyata keçirib. Bu ilin sonunadək Qarabağda müsabiqə qaliblərinin forumunun keçirilməsi də planlaşdırılır.

Fərhad Hacıyev vurğulayıb ki, əsas məqsəd Qarabağ mövzusunu daim prioritet saxlamaq və bölgədə yaşayan insanların, xüsusilə də gənclərin proseslərdə fəal iştirakını təmin etməkdir.

O bildirib ki, müsabiqədə iştirak könüllüdür və heç kim buna məcbur edilə bilməz. Bununla belə, Qarabağda yaşayan insanların da müsabiqələrdə fəal iştirak etməsi arzuolunandır. Gələcəkdə tələbələr arasında ayrıca müsabiqənin keçirilməsi, ən güclü liderlik potensialına malik tələbələrin seçilməsi ideyası da nəzərdən keçirilə bilər. Nazir müavini bu prosesdə Qarabağ Universitetinin fəal iştirakına ümid etdiyini bildirib.

Fərhad Hacıyev çıxışının sonunda “Rebuild Garabagh” sərgisinin ənənəvi xarakter alacağına və gələcəkdə Qarabağda da keçirilə biləcəyinə inandığını deyib.

“İnanıram ki, bu sərgi ənənəvi olacaq və bir gün Qarabağda da keçirilə bilər. İnanıram ki, o gün uzaqda deyil”, – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Azərbaycanda tikinti, Qarabağın bərpası, mühəndis-kommunikasiya sistemləri, plastik və polimer sənayesi, eləcə də yol infrastrukturu və ictimai nəqliyyat sahələrini əhatə edən Xəzər İnşaat Həftəsi işə başlayıb.

Oktyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçirilən tədbir çərçivəsində dörd beynəlxalq sərgi və paralel olaraq yol infrastrukturu və ictimai nəqliyyat üzrə daha bir beynəlxalq sərgi təşkil olunur.

Xəzər İnşaat Həftəsi müxtəlif sənaye sahələrini təmsil edən şirkətlərin məhsul və həllərini nümayiş etdirməsi, sektor iştirakçılarının bir araya gəlməsi və peşəkar əlaqələrin qurulması üçün platforma rolunu oynayır. Tədbir tikinti materiallarından istilik və havalandırma avadanlıqlarına, Qarabağın bərpası üçün nəzərdə tutulan həllərdən plastik və polimer sənayesinə, yol infrastrukturundan ictimai nəqliyyata qədər bir neçə istiqaməti əhatə edir.

Həftə çərçivəsində keçirilən sərgilər həm yerli, həm də xarici şirkətlərə öz məhsul və texnologiyalarını təqdim etmək, bazardakı yenilikləri izləmək və potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradır.

Xəzər İnşaat Həftəsi çərçivəsində sərgi nümayişləri ilə yanaşı, müxtəlif mövzularda panel müzakirələri, innovasiya sessiyaları və biznes təqdimatları da təşkil olunur.

Tədbirin proqramında sərgi iştirakçıları və dəvət olunmuş şirkətlər üçün ikitərəfli B2B və B2G işgüzar görüşləri də nəzərdə tutulub. Bu görüşlər şirkətlərin bir-biri, eləcə də müvafiq qurumlarla əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün təşkil olunur.

Beləliklə, üç gün davam edəcək Xəzər İnşaat Həftəsi tikinti, mühəndislik, sənaye, Qarabağın bərpası, memarlıq və nəqliyyat sahələrini bir araya gətirir. Sərgilər və işgüzar tədbirlər şirkətlərə məhsul və texnologiyalarını təqdim etmək, sahələr üzrə yenilikləri izləmək və yeni əməkdaşlıq əlaqələri qurmaq imkanı verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti